QAN YADDAŞI
Jan-Mişel Brən: Fransa mətbuatı Xocalı faciəsinə biganə qalmamalıdır VİDEO
Paris, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımı Fransa mətbuatında da işıqlandırılmalıdır. Belə faciəvi hadisəyə insan haqlarına önəm verən Fransa və onun mətbuatı biganə qalmamalıdır. Ancaq təəssüf olsun ki, Fransa mətbuatı erməni lobbisinin təzyiqləri altındadır.
Bu fikirləri Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edən Fransanın “Musulmansenfrance” portalının təsisçisi Jan-Mişel Brən AZƏRTAC-a bildirib.
“Təəssüflənirəm ki, Fransa mətbuatında erməni lobbisinin təzyiqləri nəticəsində Xocalı, eləcə də Qarabağ hadisələri olduğu kimi işıqlandırılmır. Təcavüzkarı qurban kimi təqdim edirlər. Halbuki, reallıq belə deyil.
Jurnalımız, eləcə də portalımız Qarabağda baş verən hadisələrə dair həqiqətləri olduğu kimi işıqlandırmaq, Azərbaycanla bağlı yaradılmış saxta mühiti dağıtmaq istəyir. Həmçinin biz Azərbaycanın Qərbdə daha yaxından tanınmasına çalışır və bu istiqamətdə səylərimizi davam etdiririk. Portalımız vasitəsilə Azərbaycan həqiqətlərini Qərbdə yayırıq. Son aylarda “Musulmansenfrance” portalında Azərbaycan reallıqları ilə bağlı, eləcə də işğaldan azad olmuş Qarabağdakı vəziyyət barədə onlarla məqalə dərc edilib və bu iş davam edəcək. Azərbaycanla bağlı məlumatlardan ibarət elektron kitab hazırlamaq niyyətindəyik.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris