MƏDƏNİYYƏT
“Jara-2017”: Bir qədər sonra festival iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayacaq
Bakı, 27 iyul, AZƏRTAC
Bakıdakı “Sea Breeze Resort” istirahət mərkəzində “Jara” Beynəlxalq Musiqi Festivalının başlanmasına dəqiqələr qalır. Bu an yaxınlaşdıqca “Jara” həyəcanı daha da artır. Qırmızı xalı dünya şöhrətli ifaçıları gözləyir.
AZƏRTAC xəbər verir ki, saat 19:00-da festival iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayacaq. Açılış mərasimində məşhur estrada ulduzlarının iştirakı ilə qala-konsert olacaq, 2017-ci ilin populyar hitləri səsləndiriləcək. Festivalın ilk günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, EMİN, LOBODA, MBAND qrupu, Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.
Xatırladaq ki, festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Bu il festivalı 32 min tamaşaçı izləyəcək.
İyulun 28-də birinci hissədə Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyuk'oza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı ilə qala-konsert təqdim ediləcək. Konsertin ikinci hissəsi isə Sofiya Rotarunun yubileyinə həsr ediləcək və müğənni ən çox sevilən hitlərini səsləndirəcək.
Ertəsi gün səhnəni Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meladze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyuk'oza, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsi Alla Puqaçovanın yaradıcılığına həsr ediləcək.
Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin 55 illik yubileyinə həsr olunmuş konsert proqramı gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.
Festivalda hər gün təxminən 35-40 solo ifa və duet səslənəcək. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.
Xatırladaq ki, “Jara-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.