MƏDƏNİYYƏT
“Jara-2018”: dünya şöhrətli ifaçılarla ünsiyyət tamaşaçılara bayram sevinci yaşadır
Bakı, 29 iyul, AZƏRTAC
“Jara-2018” Beynəlxalq Musiqi Festivalında təqdim edilən hər bir konsert proqramı, hər bir ifa izləyicilərə unudulmaz anlar bəxş edir. Dünya şöhrətli ifaçıların, festivalın fəxri qonaqlarının qırmızı xalıdan keçərək onları sevən insanlarla ünsiyyətdə olmaları isə tamaşaçılara əsl bayram sevinci yaşadır.
AZƏRTAC xəbər verir ki, iyulun 29-da “Jara-2018”in iştirakçılarının qırmızı xalı üzərində keçidi olub.
Qırmızı xalıdan Vaxtanq Kikabidze, Anastasiya Spiridonova, Aleksandr Marşal, Qriqori Leps, Danil Buranov, Yulya Baranovskaya, Bella Potyomkina, Aygün Kazımova, Emil Qədirov, Valeri Meladze, Albina Canabayeva, Timur Rodrigez, Aleks Malinovski, Sergey Kojevnikov ailəsi ilə, Vera Brejneva, "Jara v Baku" filminin aktyorları, Anjelika Aqurbaş, Diana Arbenina və başqaları keçiblər.
MBAND qrupundan Anatolu Tsoy doğum gününü dünən Bakıda qeyd etməsindən məmnun olduğunu deyib.
MuzTV-nin baş direktoru Arman Davletyarov dünən Heydər Əliyev Mərkəzinin həyətində konsert proqramının möhtəşəm keçdiyini vurğulayıb.
Diana Arbenina bu cür möhtəşəm festivalı keçirməyin böyük bacarıq tələb etdiyini, bu festivala hər il həvəslə qatıldığını söyləyib.
Xalı üzərindən övladı ilə keçən Azərbaycanın Xalq Artisti Emin Ağalarov bugünkü tədbirdə hər kəsin "Jara v Baku" filminin bir parçası olacağını diqqətə çatdırıb. O, hər kəsə gözəl əhval-ruhiyyə arzulayıb.
Qırmızı xalı üzərindən keçən digər tanınmış müğənnilər festival günlərinin təəssüratlarını bölüşüb, Bakının gözəlliyindən, Azərbaycanın milli mətbəxindən söhbət açıb, xalqımızın qonaqpərvərliyini vurğulayıblar. Azərbaycanın üç ildir ev sahibliyi etdiyi “Jara” Beynəlxalq Musiqi Festivalına böyük həvəslə hazırlaşdıqlarını söyləyən ifaçılar bu tədbiri musiqi aləmində mühüm hadisə kimi dəyərləndiriblər.
Qeyd edək ki, qırmızı xalının aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub.