MƏDƏNİYYƏT
“Jazz dünyası” jurnalının payız-qış nömrəsində...
“Jazz dünyası” jurnalının payız-qış nömrəsi çapdan çıxıb. Jurnalın baş redaktoru Leyla Əfəndiyevadır.
AZƏRTAC xəbər verir ki, rus və ingilis dillərində nəşr olunan jurnalın payız-qış buraxılışı həmişə olduğu kimi, maraqlı yazıları, müsahibələri və xəbərləri ilə oxucuların görüşünə gəlib.
Nəşrin bu nömrəsi Qafqazda ilk caz-radio - “Lider Jazz 107 FM”in 15 illik yubileyinə təbriki ilə başlanır. Qeyd olunur ki, keçən 15 il radionun caz formatının düzgün və zəruri addım olduğunu təsdiqləyib.
Jurnalda caz konsertlər, görkəmli cazmenlər, eləcə də gənc caz ifaçıları haqqında da məlumatlar yer alıb. Nəşrin müsahibə rubrikası məşhur ifaçı Maya Barataşvili, “Jazz & art” bölməsi rəssam Djina Sautqeyt ilə yaradıcılıq söhbətlərinə həsr olunub.
Oxucular bu nömrədə yer almış dəyərli məqalələrdə caz dünyasının yenilikləri, Azərbaycanda müvafiq sahədə reallaşdırılan layihələr, “Bakı Beynəlxalq Caz Festivalı – 2014”, dünya ölkələrində keçirilən müxtəlif festivallar, görkəmli ifaçıların albomları haqqında məlumatları da əldə edəcəklər.