SİYASƏT


“Jewish Journal”: Avropa Şurası Azərbaycanın sədrliyi altında yəhudi irsi abidələrinin qorunmasına dair qətnamə qəbul edib

Vaşinqton, 15 oktyabr, AZƏRTAC

Amerikada çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının canlı şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalə yəhudi irsinə aid obyektlərin qorunması barədə Avropa Şurasının qəbul etdiyi qətnaməyə və Azərbaycanda multikulturalizm ənənələrinə həsr edilib.

Müəllif yazır ki, adətən, xüsusilə son 20 il ərzində kütləvi informasiya vasitələrində müxtəlif dinlərin nümayəndələri arasında münasibətlər barədə yalnız pis xəbərlər yayılır. Dünyanın müxtəlif yerlərində bu və ya digər dinin nümayəndələri adından çox qan tökülüb. Adətən bu əməlləri törədən radikallar öz əməllərinin dini mətnlərin düzgün şərh edilməməsi və ya təhrif olunması ilə əsaslandırırlar. Lakin D.Ağayeva qeyd edir ki, konfessiyalararası qarşılıqlı anlaşma baxımından yaxşı xəbərlər də rast gəlir və belə xəbərləri bölüşmək lazımdır.

Bir neçə gün bundan əvvəl Avropada bu səpkili xoş xəbər alınıb: Azərbaycandan İslandiyaya qədər 47 Avropa ölkəsinin hamısını birləşdirən, 820 milyona yaxın insanın yaşadığı ərazini əhatə edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabrın 4-də məxsusi olaraq bütün Avropada yəhudi mədəni irsinin qorunmasına həsr edilmiş plenar iclas keçirib. İsveçrə nümayəndəsi Rafael Kontun məruzəsi əsasında müvafiq qətnamə qəbul etmiş parlamentarilər bildiriblər: “Yəhudi mədəni irsi Avropada ümumi mədəni irsin ayrılmaz tərkib hissəsidir. Ona görə də bu irsin qorunması üçün hamı məsuliyyət daşıyır”.

AŞPA Avropa İttifaqına yəhudi irsinin qorunub saxlanmasının vəziyyətinin monitorinqi mexanizminin yaradılmasında Avropa Şurası ilə əməkdaşlıq etməyi və bu irsin qorunması üzrə səmərəli könüllülük işinə görə mükafat təsis olunmasını təklif edib.

Müəllif yazır ki, plenar iclas AŞPA-nın vitse-prezidenti Səməd Seyidovun sədrliyi ilə keçib. Azərbaycan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olan S.Seyidov yəhudi xalqı və İsrail ilə Azərbaycanın sıx dostluğunun ən fəal tərəfdarlarından biridir. Plenar iclasda Azərbaycan nümayəndə heyətinin iki üzvü – deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov da çıxış edib.

Ağayeva yazır ki, Azərbaycan əhalisinin əksəriyyəti islam dininə etiqad edən dünyəvi dövlətdir. Bununla bərabər Azərbaycanda yəhudi icması əsrlərboyu mövcud olub və mövcuddur. Ona görə də Azərbaycan müsəlmanlarla yəhudilər arasında sülh baxımından gözəl nümunədir. Təəccüblü deyil ki, AŞPA-da diskussiyalarda Azərbaycan parlamentariləri xüsusi fəallıq göstərib, Azərbaycanın müsbət təcrübəsi əsasında Avropada yəhudi mədəni irsinin daha ciddi qorunması təşəbbüsü ilə çıxış ediblər. Məqalədə azərbaycanlı deputatların nitqlərindən sitatlar da verilir.

Sonda müəllif yazır ki, bütün millətlər, dinlər və mədəniyyətlər qarşılıqlı hörmət və harmoniya şəraitində dinc yanaşı mövcud ola bilər.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.