SİYASƏT
“Jewish News Syndicate”: Azərbaycanın Milli Qəhrəmanı yəhudi-müsəlman münasibətlərinin parlaq nümunəsidir
Vaşinqton, 21 oktyabr, AZƏRTAC
“Jewish News Syndicate” nəşrində “Cultural Diplomacy Associates” təşkilatının rəhbəri, “Qarabağ Fondu”nun keçmiş icraçı direktoru Diana Koen Altmanın Azərbaycanın Milli Qəhrəmanı, Dağ Yəhudiləri İcmasının üzvü, 1992-ci ilin may ayında Şuşa şəhəri erməni işğalçıları tərəfindən tutularkən qəhrəmancasına həlak olmuş Albert Aqarunova həsr edilmiş məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin qeyd etdiyi kimi, yəhudi icmasının üzvü və əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanın Milli Qəhrəmanı döyüşdə həlak olandan 28 ilə yaxın vaxt keçdiyinə baxmayaraq, indi də onun adı və hərəkətləri bu iki dinin nümayəndələri arasında səmimi münasibətlərin əyani sübutudur. Müəllif qeyd edir ki, Bakıda Azərbaycanın bu qəhrəman oğluna heykəl qoyulub.
Altman yazır ki, 1991-ci il dekabrın 8-də Aqarunov və onun həmkarı Ağababa Hüseynov ermənilərin bir neçə tankını və zirehli yük maşınlarını sıradan çıxarıblar. Ermənistan tərəfi Aqarunovu öldürəcək erməni əsgərinin, kimliyindən asılı olmayaraq mükafatlandırılacağını vəd etmişdi.
1992-ci ilin may ayında 23 yaşlı Aqarunov Azərbaycanın tarixi mədəni paytaxtı sayılan Şuşa şəhərini müdafiə edən alay yoldaşlarını xilas etməyə çalışarkən öldürülüb.
Gənc Albertin müharibədən əvvəl təhsil aldığı musiqi məktəbinə onun adı verilib. Bakıda və Qubada bu qəhrəmanın şərəfinə xatirə lövhələri vurulub.
Məqalədə qeyd edilir ki, Aqarunovun həyat tarixçəsi yəhudilərin Azərbaycanda yerli əhali ilə inteqrasiyasının əlamətidir.
Altman yazır ki, Azərbaycanda antisemitizm yoxdur. İsrailin Baş Naziri Binyamin Netanyahu Azərbaycanda səfərdə olarkən bu məqamı bir daha vurğulayaraq bildirib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər “bütün dünyaya nümunə kimi göstərilə bilər”.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton