İDMAN
Joze Alesio Da Silva: Azərbaycan millisinin öz imici və statusu var
Bakı, 16 dekabr, AZƏRTAC
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin dekabrın 16-da mətbuat üçün açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, məşqdən əvvəl millinin baş məşqçi Joze Alesio Da Silva jurnalistlərin suallarını cavablandırıb.
Braziliyalı mütəxəssis bildirib ki, üç gündür tam heyətlə hazırlıq keçirik. Məşqlər planlaşdırdığımız şəkildə davam edir. Bu arenada ilk dəfə oynayacağıq, amma hər cür şəraitin olduğunu deməliyəm. Əlbəttə, oyunçulara tam istədiyimi aşılamaq üçün vaxtımız elə də çox deyil. Çünki milli sonuncu dəfə apreldə yığışmışdı. Artıq 7 ay keçib və bu müddətdə legioner futzalçılarımız öz klublarında müxtəlif taktiki sistemdə çıxış edirlər. Onları yenidən öz sistemimizə qaytarmaq üçün çoxlu məşqlər keçməliyik. Fineo ilə bağlı problemimiz var. O, klubundan zədəli gəlib, bugünkü məşqdə də iştirak etməyəcək. Amma oyuna qədər məşqlərə qoşulacaq. Eduardo Borges isə zədə səbəbindən bu toplanışa dəvət edilməyib.
“Ukrayna yaxşı komandadır. Bu oyun Avropa çempionatına hazırlıq baxımından bizim üçün çox əhəmiyyətlidir. Komandanın nə qədər hazır olub-olmadığını yoxlayacağıq. Rəqibimiz də bizim kimi qitə birinciliyinə hazırlaşır. Onlar üçün də vəziyyət eynidir. Maraqlı və çətin oyun olacağına inanıram. Ukraynanın İspaniya ilə keçirdiyi oyuna baxacağam”, - deyə Joze Alesio Da Silva əlavə edib.
Toplanışa gənc futzalçıların da dəvət edildiyini vurğulayan baş məşqçi bildirib ki, həm Xəzər Ağalızadə, həm də Nurlan Mehdizadə gələcəkdə millinin formasını geyinə bilərlər. Heyətimizdə yer alan futzalçıların əksəriyyəti yaşlıdır. 3-4 ildən sonra onları əvəzləməliyik. Ona görə də ehtiyat qüvvəni indidən formalaşdırmalıyıq. Nurlan və Xəzərdən əvvəl qapıçı Cavad Məmmədovu da komandaya cəlb etmişik.
Vurğulayıb ki, bu Avropa çempionatı daha çox komandanın iştirakı ilə keçiriləcək. Artıq final mərhələsində zəif rəqib, yüngül oyun axtarmaq mümkün deyil. Rəqiblərimizə gəldikdə, Gürcüstan millisi heyətini gücləndirir. Final mərhələsinədək heyətə yeni futzalçılar cəlb edəcəklər. Bosniya və Herseqovina isə illərdir bir yerdə çıxış edən futzalçılardan qurulub. Onlar dünən Slovakiya ilə yoldaşlıq oyunu keçiriblər. Həmin matça baxacağam və müəyyən analizlər aparacağam. İspaniya haqda isə geniş danışmaq artıqdır. Bu komandanın nəticələri ortadadır. Azərbaycan millisinin də öz imici və statusu var. Biz də rəqiblərimiz üçün güclü komandayıq. Çalışacağıq ki, əvvəlki illərdə qazandığımız uğurları inkişaf etdirək. Final mərhələsinədək daha bir oyun keçirəcəyik. Artıq rəqiblə danışıqlar müsbət yekunlaşıb. Yanvarın 17-də səfərdə Belçika yığması ilə qarşılaşacağıq və Niderlanda həmin oyundan sonra yollanacağıq.