İDMAN
Joze Alesio Da Silva: Sonadək mübarizə aparacağıq
Bakı, 22 yanvar, AZƏRTAC
Birinci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan edirdi. Bunun nəticəsi olaraq ardıcıl 2 qol vurduq və hesabda üstünlük qazandıq. Oyunçulara dedim ki, müəyyən qədər “dincəlin”, yəni tempi aşağı salın. Çünki passivimizdəki cərimələrimiz də çox idi. Onlar da çox geri çəkildilər. Bəlkə də birinci hissədə bunu başa düşmək olardı, çünki sona yaxın artıq 5 cəriməmiz var idi.
AZƏRTAC xəbər verir ki, bunu futzal üzrə Avropa çempionatının final mərhələsində Gürcüstan yığmasına 2:3 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra deyib.
Braziliyalı mütəxəssis deyib: “Paltardəyişmə otağında tapşırdım ki, səliqəli oynayın, səhvə yol verməyin və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını başa saldım. Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Belə deyim də, məğlubiyyətə səbəb etdiyimiz səhvlərimiz oldu. Rəqibimiz də yaxşı oynadı”.
Şanslar hələ bitməyib. Düzdür, vacib oyunda yenildik, amma qarşıda daha 2 matçımız var. Məşqlərdə səhvlərimiz üzərində işləyəcəyik. Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır. Sonadək mübarizə aparacağıq. Əlbəttə, hər şey ancaq bizdən də asılı deyil. Gürcüstan millisi ilə Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Əgər gürcülər həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq”.
Gürcüstan - Azərbaycan oyunu Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçirilib. Matçı fransalı referi Sedrik Pelisye idarə edib. Koronavirus pandemiyası səbəbindən oyun azarkeşsiz keçirilib. Bu qrupun digər oyununda İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Komandamız növbəti oyununu yanvarın 26-da İspaniya komandasına qarşı keçirəcək.