İQTİSADİYYAT
Joze Manuel Barrozu: “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun videomüraciətində səslənib.
Avropa Komissiyasının sədri daha sonra deyib: “Üç il bundan əvvəl - 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün əlavə 5 il tələb olunacaq. Bu dəhliz başa çatdıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq”.
Bu münasibətlə Prezident Əliyevə, “Şahdəniz” konsorsiumunun üzvlərinə, “Azəri-Çıraq-Günəşli” yatağının və Bakı-Tbilisi-Ceyhan kəmərinin səhmdarlarına, Azərbaycan ilə Avropa İttifaqı arasında güclü əməkdaşlığın qurulmasında gələcəyə baxışlara malik olan hər bir kəsə təbriklərini çatdıran Joze Manuel Barrozu əmin olduğunu bildirib ki, “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq”.