İDMAN


Jukov: Ümidvaram ki, FIDE-nin yeni prezidenti dünya şahmat ailəsini birləşdirəcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Arkadi Dvorkoviçin başlıca vəzifəsi dünya şahmat ailəsində təfriqənin aradan qaldırılmasıdır. Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti, Rusiya Şahmat Federasiyasının vitse-prezidenti və müşahidə şurasının üzvü Aleksandr Jukov bu qənaətini TASS agentliyi ilə bölüşüb.

FIDE-nin yeni prezidentinin seçkiləri Batumi şəhərində keçirilib. Təşkilatın rəhbəri vəzifəsinə FIDE-nin vitse-prezidenti, yunan Georgios Makropulos da namizəd olub. Seçkilərin nəticələrinə görə, Dvorkoviç 103, Makropulos 78 səs toplayıb, bir səs isə etibarsız sayılıb. Daha bir namizəd - britaniyalı qrossmeyster Naycel Şort səsvermənin başlanmasına bir neçə dəqiqə qalmış namizədliyini geri götürüb.

“Arkadini təbrik edirəm, bu, yaxşı xəbərdir. Şadam ki, FIDE-də varislik davam edir, təşkilatın rəhbəri yenə də rusiyalı olacaq. Axı Rusiya Şahmat Federasiyası dünyada ən qədim tarixə və nüfuza malikdir. Düşünürəm ki, FIDE-nin yeni rəhbərinin başlıca vəzifəsi dünya şahmat ailəsində təfriqəni aradan qaldırmaq, onu birləşdirmək olacaq. Yəqin ki, məhz bundan başlamaq lazım gələcək”, - deyə Jukov bildirib.

Rusiya Şahmat Federasiyasının vitse-prezidenti əlavə edib: “Ümidvaram ki, gələcəkdə də şahmatın populyarlığı artacaq. Zənnimcə, indi əsas diqqəti bu idman növünün KİV-lərdə, xüsusən televiziyada təbliğatına yönəltmək lazımdır. Bunun sayəsində əlavə sponsorlar cəlb etmək və bütün dünyada şahmatın inkişafına nail olmaq mümkündür. İri şahmat yarışlarının maliyyələşdirilməsini də artırmaq vacibdir”.

1995-ci ildən təşkilata rəhbərlik edən FIDE-nin sabiq prezidenti Kirsan İlyumjinov yeni müddətə namizədliyini irəli sürməyib. 2015-ci ilin sonunda ABŞ-ın Maliyyə Nazirliyi İlyumjinovu Suriya hökumətinin və Mərkəzi Bankının maraqlarına uyğun olaraq maddi yardım və fəaliyyətə görə sanksiya siyahısına daxil edib. İyul ayında FIDE-nin etika komissiyası onu 18 ay müddətinə prezident vəzifəsindən kənarlaşdırıb.

Arkadi Dvorkoviç seçkilərdən sonra FIDE-nin rəhbərliyində təmsil olunacaq komanda üzvlərini təqdim edib. Fransız Bəşər Kuatli (birinci vitse-prezident), azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Sunyiqa (vitse-prezidentlər), toqolu Enyonam Seva Fumey (baş katib) və Qətər təmsilçisi Çju Çen (xəzinədar) komandanın yeni üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.