ELM VƏ TƏHSİL
Jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib VİDEO
Bakı, 31 iyul (AZƏRTAC, Sevinc İsgəndərova). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.
AZƏRTAC xəbər verir ki, imtahandan əvvəl Jurnalistika ixtisası üzrə Qabiliyyət İmtahanı Komissiyası üzvlərinin iclası olub. İclasda Qabiliyyət İmtahanı Komissiyasının sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, qabiliyyət imtahanında III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edirlər.
Qabiliyyət İmtahanı Komissiyasının sədri jurnalistika fakültəsində aparılan monitorinqlərin nəticəsinə əsaslanaraq, bu fakültədə təhsil alanların əksəriyyətinin jurnalistika ixtisası üzrə təhsil almağa təsadüfən gəldiyini xatırlatdı. Ə.Amaşov qeyd etdi ki, həmin tələbələr təhsillərini başa vurduqdan sonra jurnalistlik fəaliyyəti ilə məşğul olmağa yox, digər sahələrdə çalışmağa maraq göstərirdilər. Bu da mətbuat sahəsi üçün yeni, bacarıqlı kadrların hazırlanmasında müəyyən çətinliklər yaradırdı. Bu gün qabiliyyət imtahanı verən və jurnalist olmaq istəyən abituriyentlər, əminəm ki, gələcəkdə bacarıqlı mütəxəssislər ola biləcəklər.
Qabiliyyət İmtahanı Komissiyasının üzvü Vüqar Rəhimzadə qabiliyyət imtahanının keçirilməsini jurnalistika sahəsində böyük uğurlardan biri kimi dəyərləndirib. O qeyd edib ki, jurnalistika xüsusi istedad tələb edən bir ixtisasdır. İnanıram ki, bu gün keçirilən qabiliyyət imtahanı jurnalistika ixtisası üzrə bacarıqlı gənclərin təhsil almalarına öz töhfəsini verəcək.
İmtahan Bakıda və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə-Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunub. Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazıblar.
Abituriyentlər onlara verilən 2 saat 30 dəqiqə müddətində “Həyatda kimdən nümunə götürmək istərdin”, “Həyatında ən yadda qalan gün”, “Jurnalistin imici nə deməkdir və o necə formalaşır” mövzuları üzrə inşa yazıblar.
Yazı işi bır sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndiriləcək.