REGİONLAR
Jurnalistlər Ağstafada şəhid ailəsi üzvləri və müharibə veteranları üçün yaradılan təsərrüfatlarla tanış olublar VİDEO
Ağstafa, 28 oktyabr, AZƏRTAC
Media nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Ağstafa rayonunda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə veteranları üçün yaradılan təsərrüfatlarla tanış olublar.
AZƏRTAC xəbər verir ki, mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, veteranların sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin nəticəsi olaraq artıq 15 min 521 şəxsin aktiv məşğulluq proqramlarına cəlb edildiyi bildirilib. Onlardan 8838 nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq, onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Agentlik tərəfindən həmin kateqoriyalara aid 6505 nəfər isə münasib işlə təmin edilib.
Media nümayəndələri müharibə veteranı Babək Abbasovun təsərrüfatına baş çəkiblər. Özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına Babək Abbasov broyler inkubatoru zərfi üzrə öz işini qurub.
Proqram çərçivəsində aktivlərlə təmin edilən digər müharibə veteranları Səbuhi Quliyev və Saleh Əliyevdir. Müharibədən qayıtdıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramına cəlb ediliblər və qısa zamanda onlara avtoçilingər və avtotəmizləmə xidməti üzrə lazımi bütün avadanlıqlar təqdim olunub.
Daha sonra media nümayəndələri şəhid Əfqan Səfərlinin ailəsi ilə görüşüblər. Məlumat verilib ki, şəhidin atası Nadir Səfərov da özünüməşğulluq proqramı iştirakçısıdır. Bir müddət əvvəl proqrama müraciət edən Nadir Səfərova maldarlıq təsərrüfatını qurması üçün dəstək göstərilib.
Proqram iştirakçılarınin hər biri dövlətin dəstəyini hər zaman hiss etdiklərini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin onlara öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.