SİYASƏT


Jurnalistlər Azərbaycanın xarici siyasətinin gündəmi ilə bağlı maarifləndirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” adlı təlim keçirilib. Təlim Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədini daşıyır.

AZƏRTAC xəbər verir ki, təlimdə 25 media təmsilçisi və təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırda dünyada gedən geosiyasi hadisələrdən, Ukraynadakı müharibədən, son dövrdə İran-Azərbaycan münasibətlərindəki gərginlikdən, postpandemiya dövründə yaranan enerji böhranından danışıb. Bildirib ki, bütün bu hadisələrin Azərbaycana da təsiri olub. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb və Azərbaycanın səsinin, xarici siyasət kursunun beynəlxalq ictimaiyyətə çatdırılmasında jurnalistlər böyük rola malikdirlər. Qeyd edib ki, bugünkü təlimdə bu mövzular üzrə geniş təhlil aparılacaq.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu kimi təlimlərin mütəmadi olaraq keçiriləcəyini bildirib. O qeyd edib ki, təlimin dünyada və ölkədə baş verən hadisələri, ictimai-siyasi xarakterli prosesləri təhlil edərək cəmiyyətə çatdıran media nümayəndələrinin bu istiqamətdə praktiki bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. O, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Medianin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə bu ilin yanvar ayında “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən 3 günlük təlimin də Azərbaycan jurnalistlərinin bu istiqamətdə peşəkarlığının artırılması baxımından ciddi praktik addım olduğunu vurğulayaraq deyib: “Vətən müharibəsində qazandığımız Qələbə bütün sahələrdə olduğu kimi media ictimaiyyətinin də işində əsaslı dönüş yaradıb. Qələbənin əldə olunmasında istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərmiş hər bir insanın həyat hekayəsini, möhtəşəm Zəfərimizə verdiyi töhfəni işıqlandırmaq, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdışı geniş auditoriyaya çatdırmaq Azərbaycan jurnalistikasının əsas mövzusudur. İndi Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir”.

Təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər. BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova “Ermənistanla Azərbaycan arasında nizamlama prosesi”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan-Türkiyə əlaqələri” və BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov “Orta Asiyada son dinamikalar, Orta Dəhliz” mövzusunda təlim keçiblər. Çıxışlarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə bir sıra görüşlərin keçirildiyi, lakin son görüşün keçirilməsindən imtina olunduğunu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində görülən işlər, Azərbaycanla Türkiyə arasında inkişaf edən əlaqələr və son dövrlərdə Orta Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsi istiqamətləri üzrə danışıb, iştirakçıların suallarını cavablandırıblar.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.