REGİONLAR
Jurnalistlər “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan yenidənqurma işləri ilə tanış olurlar
Sumqayıt, 13 may, Ə.Rzayeva, AZƏRTAC
SOCAR-ın Azərbaycanda qeyri-neft sektorunun inkişafında önəmli rola malik “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, görülən işlərlə tanışlıq məqsədilə ölkəmizin bir sıra aparıcı KİV nümayəndələri üçün SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna mediatur təşkil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələrək, SOCAR-ın Azərbaycanda qeyri-neft sektorunun inkişafında aparıcı rola malik “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas mərhələsi uğurla başa çatdırılıb.
Azərbaycan neft-kimya sənayesinin flaqmanı olan SOCAR-ın “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğular, avtomatik idarəetmə mərkəzləri, o cümlədən yeni piroliz sobaları, hidrogenin saflaşdırılması, quru qazın və C3 fraksiyasının təmizlənməsi qurğuları, etilen və propilen məhsullarının saxlanılması tutumları inşa olunub. Burada, həmçinin istismarda olan bir sıra köhnə qurğular əsaslı şəkildə yenidən qurulub, yeni və rekonstruksiya olunmuş qurğular isə avtomatik idarəetmə sistemlərinə keçirilib, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilib.
Layihənin uğurlu icrası nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artıb.
Jurnalistlərin Etilen-polietilen zavodunda aparılan yenidənqurma işləri ilə tanışlığı davam edir.