REGİONLAR


Jurnalistlər Zəngilan və Qubadlıda minatəmizləmə prosesi ilə tanış olublar VİDEO

Zəngilan-Qubadlı, 29 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə yerli jurnalistlərin Zəngilan və Qubadlı rayonlarına media-turu təşkil olunub. Səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər əvvəlcə Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi üzrə inşa işlərinin həyata keçirildiyi 1-ci və 2-ci Ağalı kəndlərinə səfər ediblər. Məlumat verilib ki, işğaldan azad edilmiş Zəngilan rayonunda Prezident İlham Əliyevin iştirakı ilə aprelin 26-da ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulub. 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərində icra olunacaq layihədə Türkiyə, İsrail, İtaliya və Çinin qabaqcıl şirkətləri iştirak edirlər.

ANAMA-nın partlamamış hərbi sursatlar üzrə əməliyyatlar qrupunun əməkdaşı Anar Vəliyev qeyd edib ki, təkcə 2-ci Ağalı kəndində 74 hektar ərazidə işarələmə işləri aparılıb və 43 hektar sahə mina və partlamayan sursatlardan təmizlənib. Ağalı kəndində əsasən partlamayan sursatlara və Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən raket qalıqlarına rast gəlinir. Ümumilikdə isə bu günə kimi Zəngilan rayonunda 3 milyon 530 min kvadratmetr ərazi minalardan təmizlənib.

Sonra media nümayəndələri Zəngilan rayonunda tikilən hava limanının ərazisinə gəliblər. Bildirilib ki, dövlətimizin başçısı aprelin 26-da Zəngilana səfəri çərçivəsində hava limanının da təməlini qoyub. Burada ilkin olaraq 68 min kvadratmetr ərazi minalardan təmizlənib və proses davam edir.

Jurnalistlər daha sonra Qubadlıya səfər edib, rayon ərazisində minatəmizləmə prosesini izləyiblər.

ANAMA-nın partlamamış hərbi sursatlar üzrə əməliyyatlar qrupunun bölmə rəhbəri Bəhruz Namazov bildirib ki, düşmənin basdırdığı minaların xəritəsini verməməsinə baxmayaraq, bu günə kimi Qubadlı rayonu ərazisində 3 milyon 600 min kvadratmetr ərazi minalardan təmizlənib. Təmizləmə işləri zamanı 146 ədəd partlamamış mərmi, 12 ədəd tank əleyhinə, 2 ədəd piyada əleyhinə mina, 500-dən çox güllə aşkar edilərək zərərsizləşdirilib. Hazırda Qubadlı rayonu Xanlıq kəndi ərazisində əkinəyararlı torpaqlarda təmizləmə işləri davam etdirilir.

Media nümayəndələri ermənilərin basdırdığı mina və partlamayan hərbi sursatların zərərsizləşdirilməsini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.