İQTİSADİYYAT


Jurnalistlər "Sınıq Körpü" gömrük postunda gömrük işinin təşkili ilə tanış olublar

Bakı, 24 iyun, AZƏRTAC 

Kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postuna səfəri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə məlumatlandırmaq olub.

Kütləvi informasiya vasitələrinin nümayəndələri öncə idxal nəzarət xəttində həyata keçirilən prosesləri izləyiblər. Məlumat verilib ki, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin "Sərhədkeçmə vaxtının ölçülməsi" layihəsinin tətbiqi ilə gömrük ərazisinə daxil olması və ərazini tərk etməsi hər hansı insan amili olmadan avtomatlaşdırılmış qaydada tənzimlənir. 10-15 dəqiqə davam edən proses zamanı avtomobilin çəkisi müəyyən edildikdən sonra avtomobilə gömrük baxışı keçirilir və "bir pəncərə" sistemi vasitəsilə sənədləşmə prosesi başa çatdırıldıqdan sonra avtomobilə gömrük möhürü vurularaq elektron kilidlərlə (GPS qurğuları) təmin olunan nəqliyyat vasitəsi daha sonra təyinat gömrük orqanına yola salınır.

Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıblar.

"Sınıq Körpü" gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olunaraq bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının, spirtli içkilərin və siqaretlərin gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.

O da bildirilib ki, hazırda "Sınıq Körpü" gömrük postunun buraxılış potensialının artırılması ilə bağlı yenidənqurma işləri aparılır və tezliklə bu gömrük keçid məntəqəsində bəzi günlərdə müşahidə olunan nisbi sıxlıqlar aradan qaldırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.