İDMAN
Jurnalistlər arasında ənənəvi şahmat turnirinə yekun vuruldu
Bakı, 7 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 7-də “Azərbaycan” nəşriyyatının təşkilatçılığı və sponsorluğu ilə kütləvi informasiya vasitələri təmsilçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionlar kuboku uğrunda şahmat yarışında müxtəlif illərdə turnirin qalibi olmuş jurnalistlər iştirak edirdilər.
Turnirin bağlanış mərasimində çıxış edən “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Ulu Öndərin Azərbaycanda şahmatın inkişafı, bu sahədə gənc istedadların yetişdirilməsi istiqamətində əvəzsiz xidmətlərini vurğuladı. Xatırlatdı ki, xalqın intellektual səviyyəsini nümayiş etdirən, ölkənin dünyada tanınmasında mühüm rol oynayan idman növü kimi şahmatın inkişafına 1970-ci illərdən etibarən dövlət səviyyəsində xüsusi diqqət göstərilirdi. O vaxt respublikaya rəhbərlik edən böyük siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə qayğısı ilə şəhər və rayonlarda şahmat məktəbləri və klubları tikilib istifadəyə verildi. Beləliklə də, Azərbaycan şahmat məktəbinin təməli qoyuldu. Çox keçmədən şahmat məktəb və klublarına yeniyetmə və gənc istedadlar cəlb edildi, şahmata maraq artdı, bu idman növü ölkəmizdə get-gedə populyarlaşdı.
A.Əsgərov dedi ki, şahmatçılarımızın beynəlxalq turnirlərdə göstərdikləri nəticələr, Azərbaycanın şahmat ölkəsi kimi özünü təsdiqləməsi dünya idman ictimaiyyətinin də diqqətini cəlb etdi. Ölkəmiz beynəlxalq şahmat yarışlarına ev sahibliyi etməyə başladı. Son illər Bakıda və regionlarda dünyanın ən güclü şahmatçılarının iştirakı ilə keçirilən mötəbər turnirlər bunun bariz göstəricisidir.
Baş direktorun müavini Allahverdi Məmmədov jurnalistlər arasında artıq 18-ci dəfədir keçirilən bu turnirin ildən-ilə daha çox iştirakçı cəlb etdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, budəfəki turnir özünəməxsusluğu ilə fərqlənib. Belə ki, müxtəlif illərdə turnirin qalibi olmuş yeddi KİV təmsilçisinin qatıldığı yarışlar gərginliyi ilə yadda qalıb.
İsveçrə sistemi üzrə keçirilən və yeddi turdan ibarət turnirdə “Novoe Vremya” jurnalının təmsilçisi Mehdi Abbasov qalib gəlib. AZƏRTAC–ın əməkdaşı Ramiz Quliyev və “Sportsman” jurnalının əməkdaşı Ceyhun Əliyev ikinci, “Azərbaycan” qəzetinin nümayəndəsi Ağəli Məmmədov isə üçüncü yeri tutublar.
Sonda qaliblərə “Azərbaycan” nəşriyyatının və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının diplom və mükafatları təqdim edildi.
Yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse–prezidenti Faiq Həsənov idi.