İDMAN
Jurnalistlər arasında kartinq yarışı keçirilib
AZƏRTAC-ın əməkdaşı Roman İsmayılov yarışı ikinci pillədə başa vurub
Bakı, 11 oktyabr, AZƏRTAC
Formula 1 yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti oktyabrın 11-də jurnalistlər arasında kartinq yarışı təşkil edib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Kartinq Mərkəzində keçirilən yarışın açılış mərasimində çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai məşhur pilotların yetişməsi üçün kartinqin vacib başlanğıc olduğunu bildirib.
Ölkəmizdə Formula 1 yarışlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran N.Arpadarai jurnalistlər arasında kartinq yarışlarının mütəmadi keçiriləcəyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Yarışda 50-dən artıq jurnalist birincilik uğrunda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Roman İsmayılov ikinci yeri tutub.
Mükafatçılara BŞH tərəfindən kubok və qiymətli hədiyyələr təqdim olunub.