CƏMİYYƏT
Jurnalistlər bölgələrdəki tibb müəssisələrində yaradılan şəraitlə tanış olublar
Bakı, 4 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssislərində yaradılan şəraitlə, görülən işlərlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə Oğuz, Balakən və Şəki rayonlarına media-tur təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Oğuz Rayon Mərkəzi Xəstəxanası ilə tanışlıq zamanı baş həkimin müavini İradə Məmmədova jurnalistlərə 2009-cu ildə istifadəyə verilən tibb ocağı barədə məlumat verib: “Burada 2 min insana xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Xəstəxanada rentgen, filioqraf aparatı, USM, exokardioqrafiya, laboratoriya və digər xidmətlər var. Eyni zamanda, dərman təminatı da yüksək səviyyədə təşkil edilib. Bundan başqa, nikaha girən cütlüklər də burada müayinə olunur”. Onun sözlərinə görə, xəstəxanaya gün ərzində təxminən 100-120 xəstə müraciət edir: "Onların içərisində şəkərli diabet xəstələri çoxluq təşkil edir. Turizm zonası olduğundan əcnəbilər də xəstəxanamıza müraciət edirlər. Oğuzda infeksion xəstəliklərə demək olar çox az hallarda rast gəlinir. Çünki burada əhalinin sıxlığı azdır. Baş həkimin müavini deyib ki, hazırda rayon üzrə 72 həkim var. Onlardan 35-i mərkəzi xəstəxanada çalışır.
Sonra media nümayəndələri Balakən Rayon Mərkəzi Xəstəxanasında olublar. Xəstəxana barədə jurnalistlərə məlumat verən tibb müəssisəsinin baş həkimi Hacıömər Nuriyev vurğulayıb ki, xəstəxana 2011-ci ildə istifadəyə verilib. Xəstəxanada 15 şöbə fəaliyyət göstərir. Şöbələrin hamısında kadrların yerləşməsi bütün ixtisaslar üzrə tam təmin edilib. Poliklinika şöbəsində rentgen kabinetində, kardiologiya, oftalmologiya, qastroskopiya və kolonoskopiya kabinetləri var. Respublikanın şimal-qərb bölgəsi stomatoloji xəstəliklərə görə endemik zonadır. Ona görə də bölgədə yaşayan insanların bu xidmətə böyük ehtiyac duyduğu nəzərə alınaraq xəstəxanada 3 stomatologiya kabineti yaradılıb. “Xəstəxanada 148 həkim, 504 orta tibb işçisi çalışır. Balakən ucqar zona və rütubətli olduğundan əsasən ağciyər, bronxit, eləcə də onurğa və revmatizm xəstəliklərinə meyillilik çoxdur. Ona görə də müraciətlərin çoxluğu bu xəstəliklər üzrədir”, - deyə baş həkim əlavə edib.
Turun son ünvanı Şəki Rayon Mərkəzi Xəstəxanası olub. Tibb müəssisəsinin baş həkimi Məcid Əliyev jurnalistlərə deyib ki, 100 çarpayılıq xəstəxana 2011-ci ilin noyabrında istifadəyə verilib: “Əsas bina 6 korpusdan ibarətdir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika, hemodializ şöbələri fəaliyyət göstərir. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Bundan başqa, burada hemodializ korpusları var. Hemodializ şöbəsində 40-a yaxın xəstəyə yardım edilir. Əvvəllər xəstələr və onların yaxınları hemodializ əməliyyatı üçün ya Bakıya, yaxud da yaxın rayonlardakı diaqnostika mərkəzlərinə getməli olurdular. Artıq xəstələr üçün burada bütün şərait var. Xəstəxanada həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulub”. Onun sözlərinə görə, xəstəxana xarici ölkələrdə hazırlıq kursları keçmiş tibb işçiləri ilə təmin edilib və burada 450-yə yaxın həkim çalışır. Bütün ixtisaslar üzrə cəmi 1-2 vakant yer var.