CƏMİYYƏT
Jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimin bağlanış mərasimi olub
Bakı, 23 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən 4 günlük təlim başa çatıb.
Medianın İnkişafı Agentliyinin (MEDİA) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Dövlət Universitetində təşkil olunan təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, ölkənin bir sıra media subyektlərini təmsil edən jurnalistlər, həmçinin bu ali təhsil ocağının Jurnalistika fakültəsinin tələbələri olmaqla, ümumilikdə 60 nəfər iştirak edib.
Təlimlərin təşkilində məqsəd məişət zorakılığının mediada düzgün şəkildə işıqlandırılması, zorakılığa məruz qalmış şəxslərin məxfiliyinin qorunması və zorakılıq qurbanlarından müsahibənin alınması yolları və ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması sahəsində beynəlxalq təcrübənin paylaşılması olub.
Qeyd edək ki, oktyabrın 19-22-də keçirilən təlimlər avstriyalı ekspertlər Manuela Hargassner-Delpos və Thomas Hainlen tərəfindən aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.