CƏMİYYƏT
Jurnalistlər üçün ekoloji müsabiqə təşkil olunub
Bakı, 9 avqust, AZƏRTAC
Avropa Qonşuluq və Əməkdaşlıq Aləti Meşə Qanunvericiliyinin Güclənməsi və İdarə edilməsi üzrə II Proqramı (ENPI FLEG II) gənc və peşəkar jurnalistlər arasında ən yaxşı məqalə, ən yaxşı foto-video süjet və ən yaxşı radioveriliş müsabiqəsi elan edir.
Müsabiqəyə təqdim olunacaq materiallar meşə qanunvericiliyi və idarəetməsi, həmçinin meşə idarəetməsində yeni yanaşmalar (TEEB, FSC və s.) kimi mövzuları əhatə etməli və bu sahənin aktuallığını göstərməlidir. Materiallar sentyabrın 5-dək [email protected] ünvanına göndərilməlidir. Müsabiqəyə mövzu üzrə yalnız bir material təqdim etmək olar.
Müsabiqədə iştirak edəcək şəxs adını, soyadını, işlədiyi, yaxud oxuduğu qurumun adını, doğum tarixini, əlaqə nömrəsini, elektron və yaşayış ünvanını qeyd etməlidir.
Qaliblər ENPI FLEG II proqramı çərçivəsində yaradılmış münsiflər heyəti tərəfindən seçiləcəklər.
Materiallar unikallığı, mövzuya uyğunluğu, problemin tam açılması, asan qavranılması və təhlilin olmasına görə qiymətləndiriləcək. Müsabiqə materiallarının Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olmasına, peşəkarlıqla hazırlanmasına və etik normalara riayət edilməsinə böyük önəm verilir. Hər üç istiqamət üzrə bir qalib seçiləcək.
Müsabiqədə iştirak edən iştirakçıların müəllif və mülkiyyət hüquqları qorunur.
Qaliblərin seçilməsi və mükafatlandırılması müsabiqəyə materialların son təqdimetmə tarixindən sonra 20 gün ərzində baş tutacaq.
ENPI FLEG II proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF), Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birlik (IUCN) və Dünya Bankı tərəfindən 7 ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Moldova, Rusiya, Rumıniya və Ukrayna) icra edilməkdədir.