SİYASƏT
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başlayıb
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyi (MEDİA), ADA Universiteti, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Əl Cəzirə Media Şəbəkəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələri üçün “Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlim proqramı başlayıb.
AZƏRTAC xəbər verir ki, seminarlar silsiləsinin açılış mərasimində BAMF-ın prezidenti Umud Mirzəyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Əl Cəzirə Media Şəbəkəsinin İctimai azadlıqlar və insan haqları mərkəzinin direktoru, nümayəndə heyətinin rəhbəri Sami Əl Hacc və beynəlxalq təlimçi Bevan David Ris çıxış edərək təlim proqramının iştirakçılarını mövzu ətrafında təqdim olunacaq mühazirələrə diqqətlə yanaşmağı tövsiyə edib, onları müzakirələrdə fəal olmağa çağırıblar.
Seminar qaydaları ilə tanışlıqdan sonra təlim proqramına start verilib və “Jurnalistlər üçün risk təhlili və əməliyyat planlaşdırılması” mövzusunda ilk mühazirə dinlənilib. Daha sonra digər çıxışlarda “Xəbər toplamaqda riskin qiymətləndirilməsi” və “Ballistik təhlükə” məsələlərinə də toxunulub.
Avqustun 1-dən 5-dək davam edəcək təlim proqramına müxtəlif media subyektlərindən 25 nümayəndə cəlb olunub.