CƏMİYYƏT


KAICIID Yeni Zelandiyada törədilmiş terror aktını pisləyən bəyanat yayıb

Bakı, 18 mart, AZƏRTAC

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin müxtəlif ənənəvi dinləri təmsil edən Direktorlar Şurası Yeni Zelandiyanın Kristçörç şəhərindəki iki məsciddə martın 15-də törədilmiş qanlı terror aktları ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir ki, cümə namazından sonra məscidlərə hücum edərək qanlı terrorun failləri Yeni Zelandiyadakı dinc müsəlman icmasının mümkün qədər çox üzvünü qətlə yetirməyə çalışıblar. Bu hücumun Yeni Zelandiya əhalisinin cəmi 1 faizini təşkil edən müsəlman icmasında yaratdığı böyük qorxu və terror xofunu təsvir etmək mümkün deyil. Dünyanın bir çox bölgələrində dinc dindarlara qarşı törədilən hücumlar artmaqda davam edərkən bu hücum dünyada azlıqlara qarşı qərəzli yanaşmanın və zorakılığın açıq göstəricisidir. Dinindən asılı olmayaraq dinc ibadətçilərə qarşı törədilən hücumlar ümumbəşər insan hüquqlarının pozulması deməkdir.

Qeyd edilir ki, törədilmiş mənfur hücumun əsas məqsədi terror aktı törədildikdən sonra onun görüntülərini sosial mediada yayımlayaraq qorxu və terror xofu yaratmaqdan ibarətdir. Sosial mediadan belə bir şəkildə istifadə olunması və bunun canlı yayımlarda nifrətçilik təbliğatı aparan qruplarla bağlantısının olması bizə aydın şəkildə göstərir ki, zorakılıq tətbiq edən müxtəlif növ ekstremist qruplar nifrətçiliyi yaymaq, zorakılığa təhrik etmək üçün sosial mediadan istifadə edirlər. Buna qarşı xüsusilə həssas olan gənclərdir, lakin, eyni zamanda, cəmiyyətin heç bir təbəqəsinin buna qarşı müdafiəsi yoxdur.

“İstər canlı yayımda olsun, istər adi qaydada, şiddətə təhrik etmək cinayətdir, ona görə də biz təkcə Yeni Zelandiyanın deyil, bütün dünyanın dini liderlərini və dini icmalarını sülh işində birgə dinc yaşayış naminə dinlər, mədəniyyətlər arasında dialoq apararaq terrora qarşı əlbir olmağa, gündəlik fəaliyyətlərində səslərini, sülhə çağırışlarını internet vasitəsilə canlı olaraq yayımlamağa çağırırıq.

Biz bütün qurbanların ailələrinə, dostlarına, bu hücumdan zərər çəkmiş hər kəsə, Yeni Zelandiya xalqına dərin hüznlə başsağlığı verir, ölkə Baş nazirinin “Yeni Zelandiyada zorakılığa yer yoxdur” mesajına əks-səda verərək, əlavə edirik: “Zorakılığa bütün dünyada yer yoxdur”.

Bəyanatı KAICIID-in Direktorlar Şurasının üzvləri, o cümlədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar Arası Əməkdaşlıq Mərkəzinin baş katibi şeyxülislam Allahşükür Paşazadə imzalayıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan Dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. KAICIID Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika və Yaxın Şərq daxil olmaqla Asiya ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.

KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət Direktorlar Şurası olan yeganə hökumətlərarası təşkilatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.