REGİONLAR


KƏLBƏCƏRLİLƏR ÖZ DƏDƏ-BABA YURDLARINA QAYIDACAQLARINA ƏMİNDİRLƏR
RAYONUN 2005-Cİ İLİN SOSİAL-İQTİSADİ YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞINDA BU FİKRİ DƏFƏLƏRLƏ VURĞULAMIŞLAR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahib Əkbərov son bir ildə respublikamızda qazanılan uğurları müstəqil ölkəmizin həyatında mühüm mərhələ kimi dəyərləndirmiş və bu yüksəlişin kəlbəcərlilərin həyatında da özünü göstərdiyini, məcburi köçkünlük həyatı yaşayan bu insanların rifahının xeyli yaxşılaşdığını qeyd etmişdir.

Məruzəçi demişdir ki, əsasən heyvandarlıqla məşğul olan rayon əhalisi bu sahədə əvvəlki illərə nisbətən daha çox uğur əldə etmişdir. Keçən il şəxsi təsərrüfatlarda 2004-cü ilə nisbətən qaramalın sayı 783 baş, davarın sayı 9272 baş, arı ailəsinin sayı 340 artmışdır. Nəticədə rayonda ət və süd istehsalı 16 faiz, yun istehsalı isə 10 faiz çox olmuşdur.

Məruzəçi məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların təhsil, səhiyyə və sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışarkən bu sahədə də xeyli irəliləyişə nail olunduğunu bildirmişdir. Qeyd edilmişdir ki, keçən il 26 məktəbdə təmir-tikinti işləri aparılmış, 7 məktəbdə əlavə 571 yerlik 39 sinif otağı tikilərək istifadəyə verilmişdir. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi və su təchizatında yaranan problemlərin həlli istiqamətində də xeyli iş görülmüşdür. Müxtəlif bölgələrdə yaşayan kəlbəcərlilər üçün 1,2 kilometr uzunluğunda su xətti, 250 metr yüksəkgərginlikli elektrik xətti çəkilmiş, 2 yeni elektrik transformatoru və 1 su nasosu quraşdırılmış, 2 artezian quyusu istifadəyə verilmişdir. Xanlar rayonunun “Murovdağ” qaçqın qəsəbəsində yaşayan məcburi köçkünlərin suvarma suyuna olan tələbatı təmin edilmişdir. 11 binanın dam örtüyü təmir edilmiş, 6 yerdə xeyir-şər mərasimləri üçün mağarlar quraşdırılmışdır. Hesabat ilində rayon icra hakimiyyəti tərəfindən məcburi köçkünlərə müntəzəm olaraq daxili imkanlar hesabına maddi köməkliklər göstərilmiş, 1403 nəfərə 84 milyon manatlıq ərzaq və nəğd pul yardımı olunmuşdur.

Məruzəçi köçkünlərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirmişdir ki, keçən il istifadəyə verilən bir neçə istehsalat sahəsində 61 nəfər işlə təmin edilmişdir. 3 fiziki şəxsə 465 hektar torpaq sahəsi icarəyə verilmiş, nəticədə 19 ailə işlə təmin olunmuşdur.

Tənqid və özünütənqid şəraitində keçən hesabat yığıncağında il ərzində görülən işlər təhlil edilərkən yol verilən nöqsanlardan, onları yaradan səbəblərdən də danışılmış, problemlərin aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.

Yığıncaqda rayon polis şöbəsinin rəisi Elçin Abdullayev, maliyyə şöbəsinin rəisi Salman Qasımov, Kəlbəcər şəhər icra nümayəndəsi İsa Mustafayev, sahibkar Əli İbrahimov və başqaları çıxış edərək bir il ərzində görülən işləri qənaətbəxş hesab etmiş, qazanılan uğurları Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin məntiqi nəticəsi kimi dəyərləndirərək tezliklə azad olunacaq doğma rayonlarına qayıdacaqlarına əmin olduqlarını bildirmişlər.

Pezidentin İcra Aparatının məsul işçisi Habil Əzənmədov və Milli Məclisin deputatı Cavid Qurbanov yığıncaqda çıxış edərək qaldırılan bəzi problemlərin həlli ilə bağlı fikirlərini açıqlamışlar.

Yığıncaqda 2006-cı ildə görüləcək işlərə dair qərar layihəsi təsdiq olunduqdan sonra ölkəmizin başçısına müraciət ünvanlanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.