ELM VƏ TƏHSİL
KAMAL ABDULLA ŞAİQ OĞLU TALIBZADƏ
Kamal Talıbzadə 1923-cü il avqustun 14-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Universitet təhsilini başa vurduqdan sonra o, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, burada kiçik elmi işçi, baş elmi işçi işləmiş, ayrı-ayrı şöbələrə rəhbərlik etmiş, uzun illər institutun direktor müavini vəzifəsində çalışmışdır. Kamal Talıbzadə 1994-cü ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasında məsləhətçi kimi fəaliyyət göstərmişdir. 1991-ci ildən, Abdulla Şaiqin ev muzeyinin yaradıldığı vaxtdan o, həmin ev muzeyinin direktoru olmuşdur.
Kamal Talıbzadə 1949-cu ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Kamal Talıbzadənin xidmətləri təqdirəlayiqdir. Ölkəmizdə ədəbi tənqid tarixinin yaradılması və müstəqil elmi sahə kimi təşəkkülü onun adı ilə sıx bağlıdır. Kamal Talıbzadənin yaradıcılığı milli ədəbiyyatşünaslıqda yeni tədqiqat istiqamətlərinin formalaşmasına müsbət təsir göstərmişdir. Yüksək professionallıq, fəal vətəndaşlıq mövqeyi, ədəbi-tarixi hadisələrə müasirlik meyarından yanaşma və tənqidi fikrin dərin ədəbiyyatşünaslıq təhlili ilə uğurlu vəhdəti onun elmi fəaliyyətinin üstün cəhətləridir. Alimin milli ədəbiyyatşünaslıq məktəbinin zəngin təcrübəsi və ənənələri əsasında yazdığı, ədəbiyyatın inkişaf qanunauyğunluqlarına, müasir ədəbi-nəzəri fikrin problemlərinə həsr etdiyi əsərlər ədəbiyyatşünaslığımızın nailiyyətləri kimi qiymətləndirilmişdir.
Ədəbi şəxsiyyətlərimizin əsərlərinin mətnşünaslıq prinsipləri əsasında işıq üzü görməsində Kamal Talıbzadənin böyük əməyi vardır. Elmi ictimaiyyət onu həm də Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasının əsas təşkilatçıları və müəlliflərindən biri kimi tanıyır.
Müxtəlif ölkələr arasında ədəbi əlaqələrin gücləndirilməsində Kamal Talıbzadə böyük səylər göstərmiş, fəal təşkilatçısı və iştirakçısı olduğu beynəlxalq elmi toplantılarda məzmunlu çıxışlar etmiş, xalqımızın əsrlər boyu yaratdığı ədəbi-estetik fikir incilərinin təbliği sahəsində xidmətlər göstərmişdir.
Görkəmli tənqidçi alim səmərəli elmi yaradıcılıqla yanaşı, müxtəlif illərdə respublikanın ali məktəblərində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmin təbliğinə böyük qüvvə və bacarıq sərf etmişdir. Alimin rəhbərliyi ilə onlarca elmlər namizədi və doktoru hazırlanmışdır.
Azərbaycan ədəbiyyatşünaslığının inkişafında Kamal Talıbzadənin xidmətləri yüksək qiymətləndirilmiş, o, müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Görkəmli alim, əsil ziyalı və qayğıkeş insan Kamal Talıbzadənin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasi-zadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Mahmud Kərimov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Misir Mərdanov, Nizami Xudiyev,
Anar Rzayev, Bəxtiyar Vahabzadə,
Arif Mehdiyev, Nəriman Quliyev,
Ağamusa Axundov, Bəkir Nəbiyev,
İsa Həbibbəyli, Nizami Cəfərov
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2006-cı il yanvarın 21-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi salonunda (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.