REGİONLAR
KƏND TƏSƏRRÜFATINDA İSLAHATLARIN GEDİŞİ MÜZAKİRƏ EDİLMİŞDİR
Noyabrın 20-də Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında Dünya Bankının Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya ölkələri üzrə məsul nümayəndəsi Çitendra Srivastava ilə görüşdə həmin Proqram ətraflı müzakirə olunmuşdur.
Görüşdə Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov AMEA-nın institutları ilə yanaşı, nazirlik və komitələrin tabeliyindəki elmi tədqiqatlarla məşğul olan müəssisələrin şəbəkəsi və fəaliyyəti barədə məlumat vermişdir.
Milli Məclisin deputatı, Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, akademik Cəlal Əliyev ölkəmizdə aqrar sahənin elmi əsaslarla inkişafında “Müsabiqəli qrantlar və elmi sistemin islahatı proqramı” çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın müsbət nəticələrindən söhbət açmışdır. O bildirmişdir ki, Dünya Bankı son dörd ildə Azərbaycana böyük məbləğdə qrantlar ayırmaqla yardım edir. Bu qrantlardan səmərəli istifadə olunmasında, aqrar elmin tamamilə yenidən qurulmasında və islahatında, habelə təşkilində beynəlxalq mərkəzlərin – SİMMİT-in, İKARDA-nın mütəxəssisləri ilə yanaşı, cənab Çitendra Srivastava başda olmaqla Dünya Bankının təmsilçiləri də tez-tez respublikamıza gəlmiş, bu işin həyata keçirilməsində ölkəmizi dəstəkləmişlər.
Söhbət zamanı akademik Cəlal Əliyev Azərbaycanda aqrar elmin inkişafına göstərdiyi dəstəyə görə Dünya Bankının rəhbərliyinə təşəkkür etmişdir.
Cənab Çitendra Srivastava Azərbaycanda qrant proqramı üzrə həyata keçirilən 42 layihə ilə ətraflı tanış olduğunu bildirmişdir. Aqrar islahatların uğurla öz həllini tapdığı Azərbaycanda müsabiqəli qrantlar proqramının torpaq mülkiyyətçilərinə yardım göstərməkdə rolunu qeyd edən cənab Srivastava həmin proqramın gerçəkləşməsində Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri akademik Cəlal Əliyevin xidmətlərini xüsusi qeyd etmişdir.
Görüşdə milli kənd təsərrüfatı tədqiqatları sisteminin modernləşdirilməsi strategiyası barədə də geniş fikir mübadiləsi aparılmışdır. Tanınmış alimlərin, nazirlik, komitə və digər strukturların rəhbərlərinin də iştirak etdikləri görüşdə həmin strategiyanın reallaşmasında ilk addım kimi Elmi Tədqiqat Əkinçilik İnstitutunun və Tərtər təcrübə bazasının tam modernləşdirilməsi barədə təkliflər irəli sürülmüşdür. Proqramın növbəti mərhələsi üçün nəzərdə tutulmuş ayrı-ayrı nazirliklərin tabeliyində olan kənd təsərrüfatı profilli institutların islahatı məsələsi də Dünya Bankının nümayəndəsi ilə müzakirə olunmuşdur.