REGİONLAR
KƏND TƏSƏRRÜFATI TƏDQİQATLARI SİSTEMİNİN MODERNLƏŞDİRİLMƏSİ STRATEGİYASI BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ OLUNMUŞDUR
Konfransda Dünya Bankının məsul əməkdaşı Çitendra Srivastava və bu beynəlxalq maliyyə qurumunun digər nümayəndələri, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) əməkdaşı Mişel Larber, habelə Albaniya, Makedoniya, Bolqarıstan, Rumıniya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Hindistan, Efiopiyanın nümayəndə heyətləri iştirak etmişlər.
Ölkəmizi bu tədbirdə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Rufiz Çıraqzadə, Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsinin Müsabiqəli Qrantlar və Elmi Sistemin İslahatı komponentinin tətbiqi üzrə Kənd Təsərrüfatı Tədqiqatları Şurası katibliyinin rəhbəri Məmmədzadə Nəbiyev təmsil etmişlər.
Konfransda kənd təsərrüfatı bölməsinin məhsuldarlığının artırılması üçün elmi tədqiqatların sərmayələşdirilməsinin strateji vacibliyi, özəlləşmə mərhələsində kənd təsərrüfatı tədqiqatlarının, təlim və biliklərin genişləndirilməsi, Avropa və Mərkəzi Asiya ölkələri üçün qlobal perspektivlər və dərslər, Avropa və Mərkəzi Asiya ölkələrində kənd təsərrüfatı üzrə informasiya sisteminin islahatı təcrübəsi, Müsabiqəli Qrantlar Proqramının həyata keçirilməsi və digər mövzularda təqdimatlar dinlənilmiş, müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.
Göstərilən mövzular üzrə Avstraliya, Fransa, Niderland, Yunanıstan, Portuqaliya, Çin Xalq Respublikası, Kolumbiya, Braziliya, Uruqvay, Albaniya, Azərbaycan, Gürcüstan, Makedoniya, Rumıniya və digər ölkələrin təcrübəsi dinlənilmiş və müzakirələr keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Kənd Təsərrüfatı Tədqiqatları Şurası (KTTŞ) katibliyinin rəhbəri M.Nəbiyev Müsabiqəli Qrantlar və Elmi Sistemin İslahatı Proqramının tətbiqi üzrə Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri akademik Cəlal Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış “Kənd təsərrüfatı tədqiqatları sisteminin modernləşdirilməsi strategiyası” və “Müsabiqəli Qrantlar Proqramının həyata keçirilməsi və davamlılığı” mövzularında geniş məruzə etmişdir.
Hər iki məruzə Dünya Bankının əməkdaşları, beynəlxalq ekspertlər və seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və geniş müzakirələrə səbəb olmuşdur. Bildirilmişdir ki, Kənd Təsərrüfatı Tədqiqatları Sisteminin Modernləşdirilməsi strategiyasının həyata keçirilməsi qarşıdan gələn 3-5 ildə Azərbaycanda qabaqcıl dünya standartlarına cavab verən tədqiqat, təhsil və yayım modelini özündə əks etdirən nümunəvi, modern institutun və regional tədqiqat bazasının formalaşmasına imkan verməklə yanaşı, digər istiqamətlərdə də tədqiqatlara öz təsirini göstərəcək və nəticədə başlanmış islahatların bütünlükdə sistem miqyasında dərinləşdirilməsi və sürətləndirilməsi üçün əlverişli zəmin yaradacaqdır.