İDMAN
KARATEÇİLƏRİMİZ BU İL BEYNƏLXALQ YARIŞLARDA 39 QIZIL, 20 GÜMÜŞ VƏ 58 BÜRÜNC MEDAL QAZANMIŞLAR
Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəyə qaldıran idmançılar arasında 7 nəfər xüsusilə fərqlənmişdir. Belə ki, gənc karateçilər arasında Ceyhun Ağasiyev (70 kq) İslam ölkələrinin I Həmrəylik Olimpiadasının və Avropa çempionatının, habelə ABŞ-ın açıq birinciliyinin qalibi olmuşdur. Rafael Ağayev (65 kq) Avropa çempionu olmaqla yanaşı, dünya çempionatının və İslam ölkələrinin I Həmrəylik Olimpiadasının bürünc medallarını qazanmışdır. Rüstəm Mədətov (60 kq) isə Avropa çempionatının və ABŞ-ın açıq birinciliyinin qızıl, dünya çempionatının bürünc medallarının, dünya kubokunun sahibi olmuşdur.
Şahin Atamov (80 kq) dünya kuboku ilə yanaşı, Avropa və dünya çempionatlarının bürünc medallarını qazanmışdır. Amal Atayev (75 kq) isə Avropa və dünya çempionatlarının bürünc medallarına layiq görülmüşdür. Yeniyetmələr arasında İsmayıl Quliyev (55 kq) və İsrafil Şirinov (75 kq) dünya birinciliyinin gümüş medallarının İ.Şirinov həm də dünya kubokunun sahibi olmuşdur.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti, VII dan qara kəmər sahibi, əməkdar məşqçi və idman ustası Yaşar Bəşirov isə dünya kubokunu və ABŞ-ın açıq birinciliyinin qızıl medalını qazanmışdır. Bütün bu uğurlar 175 ölkədən 50 milyona yaxın üzvü olan Dünya Karate Federasiyasının bayrağı altında keçirilən yarışlarda əldə olunmuşdur.