MƏDƏNİYYƏT
KARİKATURAÇILARIN ƏSƏRLƏRİ SUMQAYITDA NÜMAYİŞ ETDİRİLİR
Sumqayıt rəsm qalereyasında karikaturaçı rəssamların IV respublika sərgisi keçirilir. Sərgidə 15 rəssamın təxminən 80 əsəri nümayiş etdirilir. Onların arasında tanınmış siyasi xadimlərin, habelə incəsənət xadimlərinin şarjları da var.
Karikaturaçılar Birliyinin sədri, “Kirpi” satirik jurnalının baş rəssamı, beynəlxalq müsabiqələr laureatı Hafiz Nəsiroğlu AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, 4 il bundan əvvəl yaradılmış cəmiyyət öz sıralarında 29 rəssamı birləşdirir. Onların arasında gənclər də çoxdur. Hər il respublikamızın müxtəlif bölgələrində karikaturaçı rəssamların əsərlərindən ibarət sərgilər açılır. 2006-cı ildə “Molla Nəsrəddin” satirik jurnalının 100 illiyi ilə bir vaxtda karikaturaçıların beynəlxalq sərgisinin keçirilməsi də nəzərdə tutulmuşdur.
İyunun 15-dək davam edəcək sərgi sonra Şəkidə göstəriləcəkdir.