İQTİSADİYYAT
KATEL BİRGƏ MÜƏSSİSƏSİ “BAKUTEL-2004” SƏRGİSİNİN BAŞ SPONSORU OLACAQDIR
KATEL Birgə Müəssisəsi sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçiriləcək “BAKUTEL-2004” onuncu yubiley Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin baş sponsoru olacaqdır.
BM-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, KATEL respublikamızın telekommunikasiya bazarında ən müasir rəqəmli texnologiyadan istifadə etməklə simsiz telefon şəbəkəsi yaratmaq üçün lisenziya almış ilk şirkətdir. Artıq Bakıda və Abşeron yarımadasında KATEL-in simli və simsiz rabitə növlərindən istifadə edən 10650 abunəçisi vardır. Onlara yüksək keyfiyyətli səs, faks, modem və İnternet xidməti göstərilir.
Sərgidə KATEL yeni, daha keyfiyyətli rabitə növü olan CDMA texnologiyasını nümayiş etdirəcəkdir. Bu, abunəçiyə evində heç bir anten quraşdırmadan, adi aparat vasitəsilə telefon və faks xidmətindən istifadə etmək imkanı verəcəkdir.