DÜNYA
KEÇMİŞ GİROVLARDAN 45 NƏFƏRİNİN VƏZİYYƏTİ AGIRDIR
Oktyabrın 23-26-da Moskvada terror aktının faciəli nəticələri ilə əlaqədar bazar ertəsi Rusiyada matəm elan edilmişdir. Rusiya Prezidenti Vladimir Putin bu barədə müvafiq fərman imzalamışdır.
İTAR-TASS-ın yaydığı xəbərə görə, moskvalılar və paytaxtın qonaqları faciənin baş verdiyi Teatr mərkəzi binasının önünə tər gül-çiçək gətirir, xatirə şamları yandırırlar.
Səhiyyə Nazirliyinin məlumatına görə, terror aktı nəticəsində 118 adam ölmüşdür. Onların 63-ü kişi və 54-ü qadındır.
Azadedilmə əməliyyatından sonra Moskva xəstəxanalarına aparılmış girovların əksəriyyətinin vəziyyəti qənaətbəxşdir. Son məlumata görə, zərər çəkənlərin 239-u xəstəxanalardan buraxılmışdır. Moskva Səhiyyə Komitəsindən bildirmişlər ki, 405 adam, o cümlədən 9 uşaq hələ də stasionarda qalmaqdadır. Həkimlər keçmiş girovlardan 45 nəfərin vəziyyətinin ağır olduğunu bildirirlər.
Hüquq-mühafizə orqanları Moskvanın küçələrində ciddi rejimdə işləyir, şəhərin həyat fəaliyyətini təmin edən obyektləri qoruyur və şübhə doğuran şəxslərin sənədlərini yoxlayırlar. Əməliyyat tədbirləri zamanı 4 adam tutulmuşdur, onlardan silah və döyüş sursatı tapılmışdır. Bu şəxslərin hamısı qafqazlıdır – ikici çeçen, biri inquş, biri gürcüdür. Onların quldur dəstələrində və terror qruplarında iştirak edib-etmədiyi yoxlanılır.
Yalnız şəhərin giriş və çıxışında müəyyən gərginlik hiss olunur. Xüsusi təyinatlı milis dəstəsinin döyüşçüləri ilə gücləndirilən Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları avtomobil nəqliyyatının yoxlanılmasını davam etdirirlər. Demək olar, bütün yük maşınları və şübhə doğuran minik maşınları yoxlanılır. Paytaxta gedən bütün magistrallarda avtomobil nəqliyyatına nəzarət olunur.