İQTİSADİYYAT
KEYFİYYƏTLİ İNŞAAT BOYASI ALMAQ İSTƏYİRSİNİZSƏ “FAB” MARKASINA ÜSTÜNLÜK VERİN
Mətbuat konfransı şirkətin istehsal sahələrindən və geniş çeşiddə məhsullarından söhbət açan videoçarxın nümayişi ilə başladı. Sonra şirkətin təsisçilərindən olan Anar Əliyev “FAB”-ın yaradılması və fəaliyyətinin genişləndirilməsi ilə bağlı məlumat verdi.
“FAB”-ın istehsal etdiyi bütün boyaların keyfiyyət göstəricilərinə görə üstün rəqabət qabiliyyətinə malik olduğunu bildirən Anar Əliyev dedi ki, şirkətin əldə etdiyi nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bəhrəsidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Şirkətin istehsal etdiyi məhsulların ötən il Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Texniki Akkreditasiya Attestatını alması barədə məlumat verən natiq demişdir ki, bu il “FAB” məhsulları mərkəzi ofisi Böyük Britaniyanın Liverpul şəhərində yerləşən Beynəlxalq Standartlaşdırma Təşkilatının (WCS) İSO 9001:2000 Beynəlxalq Sertifikatına layiq görülmüşdür. Bu, Azərbaycanda boya sənayesinin inkişafında xüsusi əhəmiyyəti olan bir yenilikdir.
Şirkətimiz istehsal üçün zəruri xammalı, hazır məhsulların qablarını da özü hazırlayır. “FAB” məhsullarını 60 qramlıqdan tutmuş 25 kiloqramlığadək qablarda almaq mümkündür.
Şirkətin əldə etdiyi uğurları yüksək qiymətləndirən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin şöbə müdiri Məzahir Səmədzadə əminliklə demişdir ki, keyfiyyətli inşaat boyaları istehsal etməyi qarşısına məqsəd qoyan “FAB” yaxın zamanlarda öz məhsullarını xarici bazara da çıxaracaqdır.