DÜNYA
KİM Kİ, 100 İL YAŞAMADI, GÜNAH ONUN GENİNDƏDİR
Bakı, 7 iyul (AZƏRTAC). İnsanın 150 variantdan ibarət genlər kombinasiyasına malik olması 77 faiz əminliklə iddia etməyə imkan verir ki, həmin genlərin sahibi 100 yaşdan çox ömür sürəcəkdir.
“Science” jurnalının yazdığına görə, bu genetik variasiyaların orqanizmin hormonların səviyyəsinin, sinir hüceyrələrinin tənzimlənməsindən tutmuş skeletin möhkəmliyi və streslərə qarşı davamlı olmaq kimi müxtəlif funksiyalarına aidiyyəti vardır.
Alimlər yaşı 100-ü ötmüş mindən çox insanın genomunu təhlil etmiş, ən müxtəlif genlərin təxminən 300 min variantını skanlamışlar.
Məlumdur ki, uzunömürlülüyə insanın həyat tərzi, zərərli vərdişlərinin olub-olmaması, qidanın keyfiyyəti və yaşadığı ekoloji məkan kimi amillər təsir göstərir. Həmin qaydalara riayət edilməsi dünyanın ən müxtəlif ölkələrində insanların 85 yaşadək ömür sürmələrinə imkan verir. Lakin həmin yaş həddinin geridə qoyulması və ömür müddətinin 100 ildən çox olması birmənalı şəkildə insanın uzunömürlülüyə meyilli olduğunu göstərir.
Alimlər bu fərziyyəni yoxlamaq üçün uzunömürlülərin genomlarını öyrənmiş və nəticədə DNT-də 150 müxtəlif variasiyadan ibarət kombinasiya aşkara çıxarmışlar. Həmin kombinasiya insanın uzunömürlü olacağına 77 faiz təminat verir.