DÜNYA
KİPR PROBLEMİNİN HƏLLİ İLƏ BAĞLI İSVEÇRƏDƏ KEÇİRİLƏN DANIŞIQLAR BAŞA ÇATMIŞDIR
Planda hər iki tərəfin tələb və istəkləri müəyyən dərəcədə əksini tapmışdır. Yunanıstanın baş naziri Kostas Karamanisin, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, Kiprin yunan və türk icmaları rəhbərlərinin iştirakı ilə aparılan danışıqlarda BMT tərəfindən hazırlanan planın son variantının aprelin 24-də Kipr adasının hər iki tərəfində keçiriləcək ümumxalq referendumuna çıxarılması qərara alınmışdır. Adadakı hər iki xalq referendumda plana müsbət mövqe bildirərsə, Birləşmiş Kipr Respublikası mayın 1-də Avropa Birliyinə üzv qəbul olunacaqdır.
Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan İsveçrədə keçirilən danışıqları və BMT-nin baş katibi Kofi Annan tərəfindən irəli sürülən son planı müsbət dəyərləndirmiş, onun adada keçiriləcək referendumda qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Yunanıstanın baş naziri Kostas Karamanis isə İsveçrədə tərəflərin heç bir razılığa gəlmədiyini, lakin buna baxmayaraq, BMT tərəfindən hazırlanan planın aprelin 24-də referenduma çıxarılacağını söyləmişdir.
Türkiyədəki siyasi şərhçilər BMT planının son variantının türk tərəfi üçün daha əlverişli olduğunu nəzərə çarpdırırlar. Referendumda yunan tərəfi bu plana qarşı çıxarsa, türk tərəfinə qarşı tətbiq olunan beynəlxalq qadağaların ləğv ediləcəyi gözlənilir.