CƏMİYYƏT
KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 23 dekabr, Maqsud Dadaşov, AZƏRTAC
Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, həmçinin ikinci və üçüncü yerlərə layiq görülmüş media nümayəndələri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirən ekspertlər və müsabiqənin qalibləri iştirak ediblər.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli iştirakçıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, il ərzində dövlət və cəmiyyət həyatında prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə olunması, jurnalistlərin peşəkarlığının artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması məsələlərinə xüsusi diqqət ayrıldığını bildirib. Məlumat verilib ki, Fond tərəfindən 2016-cı ildə, ümumilikdə, 10 fərdi jurnalist yazıları müsabiqəsi keçirilib. Bu müsabiqələrdə 806 jurnalist iştirak edib, onlardan 445 nəfəri qalib adını qazanaraq mükafatlandırılıb.
V.Səfərli qeyd edib ki, Fond ötən il əsası qoyulmuş ənənəni davam etdirərək 2016-cı ildə keçirilmiş fərdi yazı müsabiqələrində birinci yerə layiq görülmüş 57 jurnalistin yazıları “Sözün zirvəsində” kitabının II cildində nəşr edilib. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar Fond Xaçmaz və İsmayıllı rayonlarında etnik-dini icmaların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı” mövzusunda regional konfranslar keçirib. Fond il ərzində “Azərbaycan media məkanında ədəbi dilin qorunması”, “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” və “Jurnalist peşəkarlığının artırılması” mövzusunda layihələr reallaşdırıb.
İcraçı direktor bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan edilmiş budəfəki müsabiqəyə 19 istiqamət üzrə 69 kütləvi informasiya vasitəsindən 160 yazı təqdim olunub. Bu yazılar 12 ekspert tərəfindən qiymətləndirilib. Fondun Müşahidə Şurasının 2016-cı il dekabrın 22-də keçirilmiş iclasında ekspertlərin yekun balları əsasında 114 jurnalist qalib elan edilib. Müsabiqənin şərtlərinə əsasən, birinci yeri tutanlara 500, ikinci yerin sahiblərinə 400, üçüncü yerə layiq görülənlərə 300 manat mükafat veriləcək.
Fondun ekspertləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıblar.
Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşları da var.