DÜNYA
KİV: İspaniya məhkəməsi Karles Puçdemonun həbsinə order verib
Bakı, 2 noyabr, AZƏRTAC
İspaniyanın milli məhkəmə kollegiyası Kataloniyanın vəzifədən kənarlaşdırılmış başçısı Karles Puçdemonun və region hökumətinin dörd keçmiş üzvünün həbsinə order verib. Bu qərar onların məhkəməyə ifadə verməyə gəlməməsinə görə qəbul olunub.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, bundan başqa, məhkəmə Kataloniya hökumətinin bu gün ifadə verməyə gəlmiş səkkiz sabiq üzvü barədə həbs qətimkan tədbiri seçib. “El Pais” qəzetinin məlumatına əsasən, məhkəmənin qərarı, həmçinin muxtariyyətin keçmiş başçısının müavini Oriol Junkersə şamil olunub. Həbsdən yalnız sahibkarlıq və elm işləri üzrə müşavir Santi Vile yayına bilib. O, vəzifəsindən Kataloniyanın müstəqilliyi elan olunmazdan əvvəl könüllü şəkildə istefa vermişdi. Məhkəmə onun 50 min avro girov müqabilində azadlıqda qalmasına icazə verib.
Prokurorluq region hökumətinin sabiq üzvlərini üsyan və qiyamda, habelə dövlət vəsaitini dağıtmaqda ittiham edir. İspaniya qanunvericiliyinə əsasən, təkcə mərkəzi hakimiyyət orqanlarına qarşı üsyana təhriketmə 30 il həbs cəzası nəzərdə tutur.