İQTİSADİYYAT


KİV: Səudiyyə Ərəbistanı ilə Rusiya neft istehsalını artırmaq barədə razılaşıblar

Bakı, 4 oktyabr, AZƏRTAC 

Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını artırmaq üçün sentyabr ayında razılığa gəliblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mənbələrə görə Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətindəki bahalaşmanı azaltmaq məqsədilə sentyabr ayında istehsalın artırılması üçün razılaşıblar. Tərəflər OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin Əlcəzairdə keçirilən X iclasından əvvəl bununla bağlı ABŞ-a məlumat veriblər.

Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih rusiyalı həmkarı Aleksandr Novakla apardığı bir sıra danışıqlarından sonra sentyabr-dekabr aylarında neft hasilatının artırılması qərara alınıb. Səudiyyəli nazirin müştərilərin daha çox neft istəyəcəyi təqdirdə istehsalı artıracaqlarını ABŞ-ın enerji naziri Rick Perryə də deyib.

Ekspertlər hesab edir ki, böyük neft istehsalçıları İrana qarşı sanksiyalardan sonra bazarda yaranacaq tədarük çatışmazlığını kompensasiya etmək üçün maksimum səy göstərirlər. Elə dünən Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda nazir Aleksandr Novak ölkəsinin neft istehsalını daha da artıra biləcək potensiala sahib olduğunu deməsi də buna bir işarədir. Nazir deyib: “Rusiya lazım gələrsə neft hasilatını artıra bilər. Bizim neft istehsalımız maksimuma çatmayıb və lazım gələrsə artırarıq. Bu il təxminən 555 milyon ton neft çıxarmağı nəzərdə tuturuq”.

Bundan başqa, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) isə ABŞ-ın xam neft hasilatının gündəlik 11,1 milyon barrelə yüksəldiyini açıqlayıb.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.