DÜNYA


KİV: Vaşinqton və Pxenyan arasında danışıqlar dalana dirənib

Bakı, 8 noyabr, AZƏRTAC

ABŞ və KXDR arasında Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi üzrə danışıqlar hər iki tərəfin hər hansı güzəştə getmək istəməməsi səbəbindən dalana dirənib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR hökuməti ABŞ-dan Pxenyana qarşı sanksiyaları az da olsa zəiflətməkdən imtina etdiyinə görə narazıdır. Vaşinqton isə öz növbəsində Şimali Koreyadan nüvəsizləşdirmə istiqamətində daha ciddi addımlar gözləyir. Pxenyan nüvə tərksilahı istiqamətində bəzi addımlar atdığını bildirsə də, Vaşinqton onları səthi sayır. Sanksiyaların zəifləməyəcəyi təqdirdə KXDR-in nüvə sahəsində fəaliyyətini bərpa etmək barədə təhdidləri gərginliyi daha da artırıb.

Bir qədər əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeonun Koreya Əmək Partiyasının yüksəkvəzifəli nümayəndəsi Kim Yön Çxolla noyabrın 8-də Nyu-Yorkda planlaşdırılan görüşünün təxirə salındığı məlum olub. Dövlət Departamenti bunu qrafikin razılaşdırılmaması ilə izah etsə də, “The Wall Street Journal” qəzeti görüşün Şimali Koreya tərəfinin təşəbbüsü ilə ləğv edildiyini yazıb.

Noyabrın 7-də ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında çıxış edərkən KXDR lideri Kim Çen Inla yeni görüşünün gələn ilin əvvəlində baş tuta biləcəyini deyib.

Xatırladaq ki, ABŞ və Şimali Koreya arasında ilk yüksək səviyyəli görüş iyunun 12-də Sinqapurda keçirilib. Sammitin nəticəsinə əsasən, Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsinə hazır olduğunu bildirib, ABŞ isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.