SİYASƏT
KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqə elan edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyi barədə məlumat verib.
Fondun icraçı direktoru Vüqar Səfərli KİV layihələrinə maliyyə yardımının ayrılması ilə bağlı mövcud qaydaların olduğu kimi saxlanılmasını, müsabiqənin dekabrın 15-dən 25-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsini təklif edib.
Sonra məsələ ətrafında müzakirələr aparılıb. Fondun Müşahidə Şurası üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Rəşad Məcid, Müşfiq Ələsgərli və İntiqam Hümbətov çıxış edərək KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə qaydalarının olduğu kimi saxlanılması təklifini dəstəkləyiblər.
Müzakirələrin yekunu olaraq müsabiqə qaydalarının əvvəlki kimi saxlanılması, müsabiqənin dekabrın 15-dən 25-dək keçirilməsi barədə qərar qəbul edilib.
İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Vüqar Səfərli Fondun gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.