CƏMİYYƏT
KİV nümayəndələri: Azərbaycan Prezidenti jurnalistlərin dostu, mətbuat və söz azadlığının qarantıdır
Bakı, 3 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada 255 mətbuat işçisinin mənzillə təmin olunması fonunda dövlətimizin başçısına KİV təşkilatlarından, redaksiya kollektivlərindən, media nümayəndələrindən minnətdarlıq məktubları gəlməkdə davam edir. Məktublarda mənzillərin paylanmasında Prezidentin şəxsən iştirak etməsi, həmçinin üçüncü binanın təməlinin qoyulması ölkə rəhbərliyinin mətbuata yüksək diqqət və qayğısının təzahürü kimi səciyyələndirilir.
AZƏRTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktub müəllifləri dövlətimizin başçısını jurnalistlərin dostu, mətbuat və söz azadlığının qarantı hesab etdiklərini yazırlar. Onlar mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirləri təqdir edir, buna görə minnətdarlıqlarını bildirirlər.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazır: “Möhtərəm Prezident, Siz yeni yaşayış binasının açılışını edərək 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməsi mümkün olmayan hədsiz sevinc və inanılmaz qürur hissi yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilatlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə ölkəmizin jurnalist ictimaiyyəti adından dərin minnətdarlığını bildirir”.
Jurnalistlərin Prezidentlə hər görüşünün nəinki media ictimaiyyəti, bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən Mətbuat Şurasının sədri məktubunda dövlətimizin başçısının jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışının ölkə rəhbərliyinin media siyasətinə inamı və əminliyi bir daha artırdığını vurğulayır: “Media təmsilçilərimiz Sizi ölkədə söz və ifadə azadlığının təminatçısı hesab edirlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik, hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizin yeni uğur və müvəffəqiyyətlər qazanmasına öz töhfəsini verəcək. Uğurlarımız isə bu gün daha böyükdür. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəst-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla, dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir.
Siz jurnalistlərimizin əbədi dostusunuz. Üçüncü dəfə “Jurnalistlərin dostu” mükafatını qazanmağınız da bundan xəbər verir. Hesab edirik ki, cəmiyyətin güzgüsü sayılan medianın seçimini şərtləndirən ən mühüm amil dövlət başçısı kimi, 2003-cü ildən indiyədək gördüyünüz işlərə bəslənilən dərin rəğbətin ifadəsidir. Biz jurnalistlər üçün Sizinlə dost olmaq böyük şərəf və məsuliyyətdir. Dəyərli vaxtınızı ayırıb jurnalistlərlə səmimi və səmərəli görüş keçirməklə Azərbaycan mətbuatı tarixində növbəti mərhələnin başlanğıcını qoydunuz. Bəyan edirik ki, hər zaman etimadınızı doğruldacaq, Sizin şəxsinizdə Azərbaycan Prezidenti ilə dostluğumuza daim sadiq qalacağıq”.
Dövlətimizin başçısına digər bir məktub “Lider TV və Radio-Azərbaycan” MMC-nin prezidenti Ədalət Əliyev tərəfindən ünvanlanıb. O yazır ki, Prezident İlham Əliyevin şərəfli tarixə malik Azərbaycan mətbuatının tərəqqisi istiqamətində gördüyü işlər, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi dəstək, media nümayəndələrinə qayğı və diqqəti dünya miqyasında təqdir olunan nümunəvi təcrübədir. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki çoxmərtəbəli yaşayış binasının tikilməsi, üçüncü binanın təməlinin qoyulması media təmsilçilərinə dövlət tərəfindən növbəti qayğının təzahürüdür. Bu, eyni zamanda, azad sözə verilən qiymət, jurnalistlər üçün yeni ümidlər, daha əzmlə çalışmaq üçün stimuldur.
Məktubda daha sonra deyilir: “Sevindirici haldır ki, ikinci yaşayış binasında mənzil alan 255 nəfərin arasında “Lider TV və Radio-Azərbaycan” MMC-nin 6 əməkdaşı da var. Bununla da “Jurnalist şəhərciyi”ndə mənzillə təmin olunan “Lider”çilərin sayı 8-ə çatıb. “Jurnalistlər şəhərciyi”ndə yaşamağın mənəvi dəyəri maddi dəyərindən daha yüksəkdir. Bir vətəndaş üçün onun əməyinin məhz dövlət başçısı tərəfindən qiymətləndirilməsindən ali mükafat ola bilməz. Sizin jurnalistlərə qayğınızı, mediamızın inkişafını ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir, buna görə minnətdarlığımızı bildiririk.
Göstərdiyiniz bu qayğı və etimadı doğrultmaq üçün bundan sonra da bu şərəfli missiyanı layiqincə yerinə yetirəcək, dövlətçiliyimizin inkişafı, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Media işçiləri üçün tikilmiş ikinci binada mənzillə təmin olunanlar arasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də var. O, Prezidentə ünvanladığı məktubda özünün və ailəsinin sonsuz sevinc hisslərini ifadə edərək yazır: “Prezident tərəfindən bizə göstərilən bu qayğının mənəvi dəyəri, sözün əsl mənasında, hədsiz və hüdudsuzdur. Bir vətəndaş olaraq Sizin kimi mətin, qətiyyətli, ədalətli və xeyirxah Prezidentimizə güvənir və bundan qürur duyuram. Ulu öndər Heydər Əliyevin irsinə sadiq olaraq, yürütdüyünüz uğurlu daxili və xarici siyasətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə vermək naminə yorulmadan çalışmaqda davam edəcəyəm. Gündəlik fəaliyyətimdə Sizin etimadınızı doğrultmaq həyatımın ən ali məqsədlərindən biridir”.