CƏMİYYƏT


KİV nümayəndələri işğaldan azad olunan Füzuli rayonundakı Köndələnçay-1 su anbarına balıq körpələri buraxıblar VİDEO

Bakı 28 aprel, Rauf Hacıyev, AZƏRTAC

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Füzuli və Xocavənd rayonlarına səfər ediblər. Səfər çərçivəsində media nümayəndələri rayonun Qaraməmmədli kəndinə gəliblər.

AZƏRTAC xəbər verir ki, burada media nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Köndələnçay-1 su anbarına balıq körpələri buraxıblar.

Tədbir haqqında məlumat verən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, vaxtilə Köndələnçay üzərində 3 su anbarı mövcud olub. Onlardan biri işğal dövründə istismar edilərək qurudulub. Digər iki anbar isə hələ də mövcuddur və bu anbarların fəaliyyətinin bərpası məqsədilə zəruri tədbirlər görülür.

Köndələnçay üzərindəki su anbarı 1950-ci ildə inşa edilib. Bu anbarın su tutumu 2,1 milyon kubmetr təşkil edir. Su hövzəsindən götürülmüş nümunələr əsasında müəyyən edilib ki, burada balıqların populyasiyasını təşkil etmək üçün əlverişli mühit mövcuddur. Bu məqsədlə Köndələnçay su hövzəsinə min ədəd çəki, 500 ədəd ağ amur körpələrinin buraxılması təşkil edilib. Məqsəd işğaldan azad olunmuş ərazilərdəki su hövzələrində yaşamış yerli balıq növlərinin təbii populyasiyasını və ekoloji tarazlığı təmin etməkdir.

Qeyd edilib ki, Köndələnçay hövzəsinə buraxılan balıqlar qızıl balıqlardan fərqli olaraq sürətli axını olmayan və qapalı su hövzələri üçün xarakterikdir. Köndələnçay üzərindəki su anbarının da su axını sürətli olmadığına görə hövzəyə bu balıqların buraxılması məqbul hesab edilib.

Vurğulanıb ki, Köndələnçay-1 su anbarına balıq buraxma mərasimi isə sayca üçüncüdür. Bu vaxta qədər Qubadlıda və Həkəri çayında balıq körpələrinin buraxılması mərasimi təşkil edilib.

Media nümayəndələrinin Füzuli və Xocavənd rayonlarına səfəri davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.