İQTİSADİYYAT
KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib
Bakı, 13 yanvar, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə ötən il 150-dən çox KOB subyekti 15 ixtisaslaşmış sərgi və yarmarkada ödənişsiz olaraq iştirak edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edib, satış imkanlarını genişləndirib, yeni biznes əlaqələri qurublar.
Sərgi və yarmarkaların təşkilində KOBİA Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), biznes tərəfdaşlığı platforması çərçivəsində BP, “AzerTelecom”, “ZiraatBank”, “PAŞA Holdinq” kimi şirkətlərlə əməkdaşlıq edib. Belə sərgi və yarmarkalarda startapların, qadınların, əlilliyi olan şəxslərin iştirakına xüsusi diqqət göstərilib.
2020-ci ildə də KOBİA ölkəmizdə və xaricdə keçirilən sərgi və yarmarkalarda KOB-ların iştirakına dəstəyini davam etdirəcək.