İQTİSADİYYAT
KOBİA Asiya İnkişaf Bankı ilə müzakirələr aparıb
Bakı, 27 fevral, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının nümayəndələri arasında görüşlər keçirilib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, dövlət-özəl tərəfdaşlığına (PPP) dair təşkil olunmuş görüşdə bu sahənin beynəlxalq mütəxəssisi Rina Alzate dövlət-özəl tərəfdaşlığı üzrə tətbiq edilən modellərə dair məlumat verib. R.Alzate Azərbaycanda bu sahədə hüquqi-normativ və institusional inkişaf istiqamətində tədbirlər barədə fikirlərini diqqətə çatdırıb.
Görüşdə, həmçinin bankın nümayəndələri ilə agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyətinin səmərəli təşkili məqsədilə ekspert tərəfindən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış tövsiyə və təkliflər müzakirə edilib.
Asiya İnkişaf Bankının infrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakrabortinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə isə bankın nümayəndələrinə ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, yeni dəstək mexanizmləri, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib.
Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondlarının, eləcə də biznes klasterlərin yaradılması istiqamətində mümkün əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə, özəl sektorun inkişafı sahəsində bankla əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.