İQTİSADİYYAT


KOBİA İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi ilə niyyət protokolu imzalayıb

Bakı, 19 noyabr, AZƏRTAC

İstanbulda keçirilən və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya imkanlarının da təqdim olunduğu “MUSİAD Expo 2020” sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi bir sıra görüşlər keçirib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzinin sədri Eyup Vural arasında keçirilən görüşdə Azərbaycanda DÖST modelinin tətbiqinin genişləndirilməsinə xüsusi diqqət göstərildiyi, bu məqsədlə agentlikdə Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin yaradıldığı vurğulanıb. Qeyd olunub ki, Türkiyə DÖST layihələrinin icrası sahəsində uğurlu və zəngin təcrübəyə malikdir və İstanbul PPP Kamillik Mərkəzi ilə əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli və faydalıdır. Görüşdə DÖST sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi, hər iki tərəfin resurslarından və xidmətlərindən istifadə olunmaqla təcrübə mübadiləsi platformasının formalaşdırılması, birgə tədbirlərin təşkili, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadə imkanları və qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair müzakirələr aparılıb.

Sonra KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı sahəsində əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri O.Məmmədov və İstanbul DÖST Kamillik Mərkəzinin sədri E.Vural imzalayıblar. Niyyət protokolunda DÖST sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması, təlim və seminarların keçirilməsi, DÖST modeli vasitəsilə Türkiyədən xarici investisiyaların cəlb edilməsinin təşviqi, müvafiq layihələrin hazırlanmasına dəstəyin göstərilməsi və sair sahələrdə birgə əməkdaşlıq və tədbirlərin təşkili nəzərdə tutulur.

Türkiyə Respublikası Prezidentinin İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə keçirilmiş görüşdə O.Məmmədov Azərbaycanda KOB sektoru, agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi dəstək barədə məlumat verib. O, KOBİA-nın Türkiyənin müvafiq sahədə fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, xarici investisiyaların cəlb edilməsi də agentliyin fəaliyyət istiqamətləri sırasındadır və KOBİA ölkəmizdə xarici investisiyalar əsasında müxtəlif müəssisələrin yaradılması üçün yerli sahibkarlara dəstək və xidmətlər göstərir. KOBİA investisiyaların təşviqi sahəsində Türkiyə təcrübəsinin araşdırılması, bu sahədə agentlik əməkdaşları üçün müvafiq təlimlərin təşkili, kənd təsərrüfatı, infrastruktur, sənaye, İKT, daşınmaz əmlak və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı sahəvi biznes missiyaların təşkili və müvafiq tərəfdaşların müəyyənləşdirilməsi istiqamətlərində Türkiyə Respublikası Prezidentinin İnvestisiya Ofisi ilə əməkdaşlıq edə bilər. Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində KOBİA Azərbaycan tərəfdən uyğun tərəfdaş və daxili bazar araşdırmasının aparılmasını, müvafiq məsləhət xidmətlərinin göstərilməsini və sair təmin edə bilər.

“MUSİAD Expo 2020” sərgisi çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialının “Qarabağ Azərbaycandır” stendində təqdim olunduğunu və stendimizin Türkiyə investorları tərəfindən maraqla qarşılandığını qeyd edən O.Məmmədov türk şirkətlərinin həmin ərazilərdə potensial investisiya layihələrində iştirakının təşviqi üçün də birgə əməkdaşlığın mümkün olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.