REGİONLAR
KOBİA Naxçıvanda “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlimdə iştirak edib
Bakı, 19 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iyunun 19-da Naxçıvan Muxtar Respublikasında öz işinə başlamış “Fərdi aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası” mövzusunda təlimdə təmsil olunub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “AzerGold” QSC-nin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edir.
Tədbirdə KOBİA-nın fəaliyyəti, sahibkarlara göstərdiyi xidmətlər və dəstək mexanizmləri barədə məlumat verən agentliyin idarə heyəti sədrinin müavini Nadir Adilov aqrar sektorda iqlim dəyişikliyinin aktual məsələlərdən olduğunu və təlimin məhz bu mövzuya həsr edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan aqrar sahədə böyük potensiala malikdir və bu sektorda xeyli sayda kiçik və orta sahibkarlar fəaliyyət göstərir.
Aqrar sahədə fəaliyyət göstərən sahibkarların müvafiq sahədə yeniliklər və dəyişikliklər barədə məlumatlandırılmasının önəmini vurğulayan KOBİA-nın təmsilçisi belə tədbirlərin fərdi təsərrüfatların iqlim dəyişikliyinə adaptasiya üçün sahibkarların faydalı biliklər əldə etməsi baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib.