İQTİSADİYYAT


KOBİA “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı ilə əməkdaşlıq edəcək

Bakı, 3 oktyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Rusiyanın “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı ilə əməkdaşlıq edəcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 3-də Bakıda Azərbaycanla Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuş dəyirmi masa keçirilib. "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandr Kalininin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycan və Rusiya sahibkarları arasında əlaqələrin inkişafında önəmli rol oynayan Azərbaycan-Rusiya İşgüzar Şurasının, sıralarında yüzlərlə iş adamını birləşdirən “Caspian European Club”un nümayəndələri, eləcə də kənd təsərrüfatı, turizm, səhiyyə, konsaltinq və sair sahələrdə fəaliyyət göstərən Azərbaycan sahibkarları iştirak ediblər.

Dəyirmi masadakı çıxışında Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayan KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər, dəstək mexanizmləri, agentliyin fəaliyyəti barədə məlumat verib. Agentliyin KOB sahəsində xarici tərəfdaşların, o cümlədən “Opora Rossii”nin müvafiq sahədə effektiv mexanizmlərin hazırlanması, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması istiqamətlərində təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib, əməkdaşlıq imkanlarına dair fikirlərini qeyd edib.

“Opora Rossii” təşkilatının prezidenti A.Kalinin ölkəmizə səfərindən və hər iki ölkənin KOB-ları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq dəyirmi masanın təşkilindən məmnunluğunu bildirib. Təşkilatın fəaliyyəti barədə məlumat verən A.Kalinin Azərbaycanda təşkilatın nümayəndəliyinin açılması, sahibkarların hər iki qurumun imkanlarından istifadə etməsi və təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb.

Tədbirdə “Opora Rossii”nin nümayəndələri Vladislav Koroçkin, Nikolay Dunaev, Artyom Androsov, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədr müavini Natiq Heydərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev və bir sıra şirkətlərin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair fikirlərini bildiriblər.

Həmçinin KOBİA və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri O.Məmmədov və “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti A.Kalinin imzalayıblar. Sənəddə KOB-lara informasiya və marketinq dəstəyinin göstərilməsi, sahibkarlıq və biznes prosesləri sahəsində təlim proqramlarının həyata keçirilməsi, ixracyönümlü KOB-ların dəstəklənməsi, birgə layihələrin hazırlanması və reallaşdırılması, ticarət-istehsalat və elmi-texniki əməkdaşlıq və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.

“Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının nümayəndələri ölkəmizə səfər çərçivəsində biznes strukturlarında bir sıra görüşlər keçirəcək, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə də tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.