İQTİSADİYYAT
KOBİA “World Net Summit”də təmsil olunub
Bakı, 13 may, AZƏRTAC
“World Net Summit” onlayn konfransı çərçivəsində “Government Address” tədbiri keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın Maliyyə naziri Vilius Sapko, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov çıxış ediblər.
O.Məmmədov çıxışında agentliyin başlıca fəaliyyət istiqamətlərindən birinin KOB-ların bilik və texnologiyalara çıxışının təmin edilməsi olduğunu bildirib, bu istiqamətdə KOBİA-nın təşəbbüs və dəstək mexanizmləri, o cümlədən KOB inkişaf mərkəzləri, yaradılmaqda olan e-KOB evi portalı, startap şəhadətnaməsi barədə məlumat verib. O, pandemiyadan zərərçəkmiş KOB-lara göstərilən dövlətin maliyyə-iqtisadi dəstəyi barədə də danışıb.
Tədbir “Facebook" və "Youtube" sosial şəbəkələri üzərindən birbaşa yayımlanıb.
“World Net Summit” onlayn konfransı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, BMT-nin İnkişaf Proqramının, “SUP VC” və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi, BP-nin baş sponsorluğu və “Net Summit LLC”nin təşkilatçılığı ilə keçirilir. “Startup Academy”, “Monex Summit”, “Government Address”, “Baku E-Trade Forum”, “Maintech Forum”, “Venture Summit”, “Corporate Innovation Forum”, “Influencer Summit” olmaqla 8 fazadan ibarət “World Net Summit”də 15 ölkədən 50-dən çox spikerin çıxışı nəzərdə tutulur.