İQTİSADİYYAT


KOBİA-nın əsas istiqamətlərindən biri ölkədə əlverişli biznes mühitinin dəstəklənməsidir

Bakı, 16 mart, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji fəaliyyətinin əsas istiqamətlərindən biri ölkədə əlverişli biznes mühitinin inkişafının dəstəklənməsidir. Davamlı antikorrupsiya mühitinin formalaşması təkcə bizneslərin inkişafı deyil, ölkəyə xarici investisiyaların cəlb edilməsi, onun beynəlxalq səviyyədə müsbət nüfuzunun qorunması və dayanıqlı inkişafın təmin olunması baxımından da əhəmiyyətlidir. KOBİA bu məqsədlə müxtəlif istiqamətlərdə çoxşaxəli fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” üzrə seminarda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O, bizneslərdə mütərəqqi korporativ idarəetmə sisteminin inkişaf etdirilməsi ilə əlaqədar bildirib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən korporativ idarəetmə və ESG ilə bağlı işçi qrupuna və altqrupa KOBİA rəhbərlik edir: “Sözügedən fəaliyyət çərçivəsində mütərəqqi risk idarəetmə təcrübələrinin və sistemlərinin tətbiqinin genişləndirilməsi, bizneslərin bu sahədə məlumatlıq səviyyəsinin artırılması və potensialının gücləndirilməsi məqsədilə tədbirlər müəyyən edilərək aidiyyəti qurumlar ilə birgə icra olunur. Eyni zamanda, Korrupsiya və şəffaflıq işçi qrupu çərçivəsində antikorrupsiya, şəffaflıq, etik davranış və hesabatlılıq üzrə tədbirlərin sahibkarlıq subyektlərinə təşviq edilməsi KOBİA-ya həvalə olunub”.

O bildirib ki, KOBİA, həmçinin ötən dövrdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin 5-ci raund pilot qiymətləndirmə prosesində iştirak edib. Bu il də KOBİA tərəfindən müvafiq sorğulara uyğun məlumatlar təqdim olunub: “KOBİA-nın fəaliyyət istiqamətlərinin yerlərdə həyata keçirilməsinə cavabdeh olan KOB dostu mexanizmi vasitəsilə ölkə sahibkarlarında korrupsiya anlayışları barədə təsəvvürü formalaşdırmaq məqsədilə mütəmadi sorğular keçirilir. Sorğular sahibkarların korrupsiyaya dair məlumatlılıq dərəcəsini, o cümlədən biznes mühitində antikorrupsiya davranış qabiliyyəti səviyyəsini öyrənməyə hesablanmışdır. Bununla yanaşı, aparılan sorğular, həmçinin KOB subyektlərinin korrupsiya ilə əlaqəli maarifləndirməyə cəlb edilməsi üçün təlim ehtiyaclarını müəyyən etməyə əlverişli şərait yaradır”.

Orxan Məmmədov, həmçinin KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən biznes mühitində şəffaflıq və antikorrupsiya təlimlərinin təşkil olunduğunu deyib: “Bu təlimlər sahibkarlara korrupsiya barədə tam və hərtərəfli biliklərin aşılanmasına zəmin yaradır. Sözügedən mexanizm, həmçinin KOB subyektlərinin korrupsiyaya məruz qalmalarının qarşısını almağa yönəlməkdən başqa, onların öz fəaliyyətlərində bu kimi neqativ hallara yol verməmələrini təşviq edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.