İQTİSADİYYAT
KOBİA-nın nümayəndə heyəti ABŞ-ın bir sıra biznes strukturlarında görüşlər keçirib
Bakı, 1 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Nyu-Yorkdakı II Xəzər Biznes Forumu çərçivəsində KOB sektorunda əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə ABŞ-ın bir sıra qurum və təşkilatlarında görüşlər keçirib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, forumun təşkilatçısı “Caspian Policy Center” təşkilatının icraçı direktoru Əfqan Nifti ilə görüşdə qurumun idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Görüşdə “Caspian Policy Center” tərəfindən keçirilən müxtəlif tədbirlərdə KOB-larla bağlı məsələlərin və bu sahədə əməkdaşlıq imkanlarının müzakirə olunmasının diqqətdə saxlanılmasına dair fikir mübadiləsi aparılıb.
ABŞ-ın Kiçik Biznes Administrasiyasının Nyu-York üzrə ofisinin direktoru Bet Qoldberq və Pace Universitetinin Kiçik Biznesin İnkişafı Mərkəzinin direktoru Endryu Flamm ilə görüşdə sözügedən qurumlar tərəfindən kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri, onların ölkəmizdə tətbiqi imkanları müzakirə olunub. Mentorluq, təlimlərin təşkili, qadın sahibkarlığın inkişafı kimi mövzularda ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə KOBİA-nın KOB inkişaf mərkəzlərinin fəaliyyətinin səmərəli təşkili üçün ABŞ təcrübəsinin öyrənilməsi, bu sahədə hər iki tərəfin ekspertlərinin iştirakı ilə videokonfransların təşkili məsələləri müzakirə edilib.
ABŞ-ın Ticarət Departamentinin Beynəlxalq Ticarət İdarəsindəki görüşdə biznes missiyaların təşkili üzrə Birləşmiş Ştatların təcrübəsinə, KOB-lara göstərilən dəstək tədbirlərinə, eləcə də qarşılıqlı biznes səfərlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Nyu-York Ticarət Palatasının prezidenti Mark Caffe və icraçı direktoru Helena Hatt ilə görüşdə Nyu-Yorkda fəaliyyət göstərən bir çox şirkətləri özündə birləşdirən palatanın fəaliyyəti barədə məlumat verilib, KOBİA-nın Azərbaycan və ABŞ şirkətləri arasında qida, turizm, İKT və sair sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb, KOB-lar üçün birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Nyu-York Kiçik Biznes Mərkəzinin Manhetten üzrə ofisinin direktoru Ulas Neftçi ilə görüş çərçivəsində kiçik və orta sahibkarlar üçün təşkil edilən təlimlər, mərkəzin KOBİA-nın KOB İnkişaf Mərkəzi ilə təcrübə mübadiləsi imkanlarına dair müzakirələr aparılıb. Nyu-York Kiçik Biznes Mərkəzi müvafiq sahədə KOBİA ilə təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib.