REGİONLAR


KOBİA-nın nümayəndələri Azərbaycan Texnologiya Universitetində olublar

Gəncə, 16 may, Elcan Məmmədov, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Səməd Tomuyev və Adil Tağıyev, UTECA-nın rektoru, professor Akif Süleymanov, aparat rəhbəri Bəylər Mirzəzadə və rektorun müşaviri, “Gəncə İş Adamları” İB-nin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri Aqil Eyvazov iştirak edib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüş zamanı rektor Akif Süleymanov universitetin gələcək planlarından danışıb. Bildirib ki, qida, yüngül sənaye və dağ-mədən metallurgiya sənayesi olmaqla, əsasən 3 istiqamət üzrə kadr hazırlayan Texnologiya Universiteti inkişaf strategiyasında Qarabağın dirçəldilməsi kontekstini əsas götürüb və bu istiqamətdə kadr hazırlığını bir missiya olaraq görür. Rektor əlavə edib ki, Texnologiya Universiteti bu məqsədlə yeni layihələr üzərində çalışır.

Görüş zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “TEKNOFEST” Azərbaycan festivalında çıxış edəcək UTECA-nın startap komandaları və layihələri ilə tanış olub. Bildirib ki, sənaye sahəsində çalışan şirkətlər arasında innovativ yanaşma əsasında fəaliyyət göstərənlər bazara daha çox çıxış əldə edirlər, ona görə də yeni nəsil tələbələr üçün bu xüsusiyyətin aşılanması vacib amildir.

Müzakirələr zamanı KOBİA, Azərbaycan Texnologiya Universiteti və “Gəncə İş Adamları” İB-nin birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı üzrə İşçi Qrupun yaradılmasına dair razılıq əldə edilib. İşçi Qrup tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı proqramı və İnvestisiya Xəritəsinin yaradılması nəzərdə tutulub. Layihə mövcud vəziyyətin təhlili, regionun sənaye potensialının qiymətləndirilməsi, sənayenin inkişaf modelinin qurulması, perspektiv sahələr üzrə inkişaf potensialının qiymətləndirilməsi, pilot sənaye sahəsi üzrə klaster təşəbbüsünün hazırlanması və icrasından ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.